YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını icra edir

“Ermənistan Azərbaycana qarşı növbəti təcavüz aktı törədib, növbəti terror aktı törədib. Həm bizim mülki vətəndaşlara, həm də hərbçilərimizə qarşı hərbi cinayət törədib. Bilirəm ki, siz səfər çərçivəsində Gəncə şəhərinə gedəcəksiniz. Orada özünüz görəcəksiniz ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Onlar döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmirlər və çalışırlar ki, bu acı məğlubiyyətin əvəzini dinc insanlardan çıxsınlar. Gəncəyə iki namərd hücum və Gəncə şəhərinin ballistik raketlərlə vurulması hərbi cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək. Bu, qəsdən törədilmiş cinayətdir. Məhz mülki əhalinin yaşadığı yerləri məqsədyönlü şəkildə atəşə tutublar”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən səsləndirib.

Prezident İlham Əliyev daha sonra bildirib: “Bizim bütün cəbhəboyu şəhərlərimiz və kəndlərimiz hər gün atəşə tutulur. Bu gün mənə verilən məlumata görə, səhər saat 6-dan 8-ə qədər təkcə Tərtər rayonuna 190 mərmi düşüb. Ağdam rayonuna 90-dan çox mərmi düşüb. Elə günlər var idi ki, Tərtər rayonuna 2 min mərmi düşüb. Yəni, onlar bizim şəhərlərimizi dağıtmaq istəyirlər, Azərbaycan xalqının iradəsini qırmaq istəyirlər. Ancaq buna nail ola bilmirlər və daha da çox azğınlaşırlar. Biz intiqamımızı döyüş meydanında alırıq. Biz heç zaman mülki əhaliyə qarşı heç bir addım atmamışıq və atmayacağıq. Baxmayaraq ki, onlar bizim qədim tarixi şəhərimizi – Gəncəni atəşə tuturlar, biz nə Ermənistan şəhərlərini, nə də ki, Dağlıq Qarabağda yerləşən şəhərləri atəşə tutmuruq və tutmayacağıq. Bizim üstünlüyümüz, bax, bu mənəvi dəyərlər çərçivəsində də bir daha özünü büruzə verir və bir daha bütün dünyaya göstərir ki, Ermənistan dünya üçün böyük təhlükədir. Ermənistanda hökm sürən kriminal faşist rejimi bölgəmiz üçün ən böyük təhdiddir və Azərbaycan bu təhdidin aradan qaldırılması üçün əlindən gələni edir. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün yeni şəhərləri, kəndləri işğalçılardan azad edirik. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını icra edir”.