Xəbərlər
Elman Nəsirov: Ermənistan hakimiyyəti status-kvonun saxlanılmasına çalışır
«Ermənistan hakimiyyəti status-kvonun saxlanılmasına çalışır. İşğalçı tərəf iddia edir ki, yekun sülh sazişinin imzalanması hazırki dövrün məsələsi deyil». Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, bu amil münaqişəsinin həlli məsələsində Ermənistan dövlətinin fərqli mövqeyinin olduğunu göstərir. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çərçivə sazişinin imzalanması ötən il Fransada keçirilən danışıqlar zamanı da müzakirə olunub.
«Paris görüşündə bildirildi ki, artıq yekun sülh sazişinin imzalanması ilə bağlı sənədin tətbiqinin vaxtı gəlib çatıb. Ümumiyyətlə qarşı tərəf hər zaman çalışıb ki, məsələ ərazi bütövlüyü çərçivəsində deyil, xalqların öz müqəddəratını təyin etmək prinsipləri əsasında həll olunsun. Bu səbəbdən də keçirilən bütün danışıqlar heç bir nəticə vermir. 2015-ci ildə Ermənistan tərəfindən münaqişənin həlli ilə bağlı hər hansısa pozitiv addım gözləmək sadəlövhlük olar. Çünki 2015-ci ildə ermənilər qondarma “erməni soyqırımı”nı 100 illiyini keçirməyi planlaşdırırlar. Bu cür vəziyyətdə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin 2015-ci il münaqişənin həlli ili olacaq fikrinin heç bir əsası yoxdur. Ceyms Uorlik bu iddiaları səsləndirməklə böyük optimistlik və nikbinlik nümayiş etdirib, ancaq məsələnin məsuliyyətini tam şəkildə dərk etməyib»- deyə, politoloq qeyd edib.