Xəbərlər
Fatma Yıldırım: Azərbaycan Ordusu qarşısında aciz qalan işğalçı Ermənistan xaincəsinə mülki əhalimizi, mülki infrastruktur obyektlərimizi atəşə tutur

“Azərbaycan Ordusu qarşısında aciz qalan işğalçı Ermənistan xaincəsinə mülki əhalimizi, mülki infrastruktur obyektlərimizi atəşə tutur. Düşmən cəbhə xəttindən çox-çox uzaqda yerləşən şəhərlərimizi, Gəncə, Mincəçevir, Ağcabədi, Bərdəni və digər yaşayış məntəqələrini hədəfə alır. Mülki şəxslərimiz arasında həlak olanların sayı artmaqdadır. Bütün bunlar onu göstərir ki, terrorçu ermənilər çirkin əməllərindən əl çəkmirlər”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Fatma Yıldırım bildirib ki, Qarabağda ağır itkilər verən və məğlub olan düşmən, bununla, insanlarımız arasında qorxu və təşviş yaratmaq istəyir. İşğalçılar amansızca təmsil etdiyim Bərdə şəhərində mərkəzi küçələri, yaşayış məntəqələrini, eləcə də ətraf kəndləri ardıcıl olaraq atəşə tuturlar. Mülki əhali arasında 1 vətəndaşımız 1960-cı il təvəllüdlü Mehdiyeva Şəhriyar İsa qızı həlak olub, 2 nəfər isə ağır yaralıdır. Çox sayda yaşayış evləri və mülki obyektlər darmadağın olub. İşğalçı, terrorist erməni birləşmələrinin günahsız mülki insanlara yönəlmiş bu təcavüzünü şiddətlə qınayıram.
“Bu məsələyə beynəlxalq ictimaiyyət niyə ciddi reaksiya vermir? Mən beynəlxalq təşkilatlara sual edirəm. Niyə müvafiq beynəlxalq təşkilatlar ermənilərin son günlərdə həyata keçirdiyi bu amansız cinayətlərə hər zamankı kimi göz yumur, onları terrorçu adlandırmaqdan çəkinir, onlara dur demirlər?! Savaş döyüş meydanında getməlidir, silahsız insanları öldürmək hərbi cinayətdir və beynəlxalq hüquqa ziddir.
Əgər terrorçu ermənilər vətəndaşlarımızı, o cümlədən, təmsil etdiyim Bərdə camaatını qorxutmaq istəyirlərsə, buna heç vaxt nail olmayacaqlar. İnsanlar öz evlərindədir, dövlətimizə, Ali Baş Komandanımıza, Ordumuza güvənirlər. Biz döyüş meydanında qalib gələcəyik. Bizim Ordumuzun mülki insanlarla işi yoxdur. Erməni əsgəri ilə bizim fərqimiz elə bundadır”-deyə, deputat qedy edib.