Xəbərlər
Hicran Hüseynova: Ermənistanın təhrikedici və məsuliyyətsiz hərəkətləri beynəlxalq humanitar hüquqa ziddir

“Sentyabrın 27-dən başlayaraq rəşadətli Silahlı Qüvvələrimiz Ermənistanın törətdiyi hərbi təxribata cavab olaraq uğurlu əks-hücum əməliyyatı aparır. Çox sevinirik ki, hər gün yaşayış məntəqələrimiz, kəndlərimiz, strateji əhəmiyyət kəsb edən yüksəkliklərimiz azad olunur. Lakin bu qələbələr elə də asanlıqla əldə olunmur. Döyüş meydanında uduzan düşmən ölkəmizə, əhalimizə qarşı yeni-yeni təxribatlar törədir, beynəlxalq hüququn heç bir norma və prinsiplərinə hörmət qoymur”. Bu fikirləri Milli Məclisin deputatı Hicran Hüseynova deyib.
H.Hüseynova bildirib ki, əhalinin sıx yaşadığı, cəbhə bölgəsindən, eyni zamanda, təmas xəttindən xeyli uzaqda yerləşən şəhər və rayonlarımıza Ermənistan ərazisindən raket hücumları, qadağan olunmuş bombalarla zərbələr endirilir. Nəticədə, dinc əhali, o cümlədən qadınlar, uşaqlar, yaşlı insanlar həlak olub və ya yaralanıb. Yaşayış evlərinə, mülki obyektlərə ziyan dəyib. Onun sözlərinə görə, Ermənistanın bu təhrikedici və məsuliyyətsiz hərəkətləri beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
“Qəhrəman əsgərlərimizin döyüş meydanında göstərdikləri cəsarətin və igidliyin qarşısında davam gətirməyən ermənilər hazırda başqa vasitələrdən istifadə etməyə çalışır. Erməni lobbisi dünyanın ayrı-ayrı ölkələrində, xüsusilə də ABŞ, Fransa və Rusiyada çox fəallaşıb. Son günlər daha da aqressivləşən bu lobbi ABŞ Konqresinin Nümayəndələr Palatasının müzakirəsinə 1165 saylı qətnamə çıxarmağa çalışır. Bilirik ki, ABŞ-da qarşıda prezident seçkiləri gəlir və bu fürsətdən istifadə edən erməni lobbisi daha da fəallaşıb. Çünki təkcə prezident deyil, bütün digər seçkili orqanlara seçilmək üçün hər hansı namizədin bu lobbinin dəstəyinə ehtiyacı var. Məhz bu baxımdan ermənilər Konqresdə belə bir sənədin qəbul edilməsinə nail olacaqlarından əmindirlər. Bu qətnamənin, eləcə də buna oxşar digər addımların qarşısını almaq üçün hər birimiz Vətənimiz, dövlətimiz, torpağımız qarşısında şərəf borcumuzu, vətəndaşlıq missiyamızı yerinə yetirməliyik. Bütün ölkələrdə yaşayan azərbaycanlılar daha diqqətli və fəal olmalı, Azərbaycanımızın haqq səsini dünyaya çatdırmaq üçün hər bir imkandan məqsədyönlü surətdə istifadə etməliyik”-deyə, H.Hüseynova vurğulayıb.