Xəbərlər
Sədaqət Vəliyeva: Ermənistanın həm ordusunda, həm də cəmiyyətində demoralizasiya prosesi dərinləşməkdədir

“Azərbaycan ordusu əks-hücumla işğal altında olan torpaqlarımızı qarış-qarış azad etdikcə, düşmən ordusuna sarsıdıcı zərbələr vurduqca Ermənistanın daxilində də vəziyyət getdikcə ağırlaşmağa başlayıb. Bu günə qədər təxminən 2 milyard dollar zərər görən Ermənistanın həm ordusunda, həm də cəmiyyətində demoralizasiya prosesi dərinləşməkdədir. Artıq düşmən ölkədə məğlubiyyət sindromu da formalaşıb”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, hazırda Ermənistanda rəsmilərin bir çoxunun orduya maddi yardım etməməsi ilə bağlı narazılıqlar var, hətta, müharibənin bütün ağırlığı orta və aşağı təbəqənin üzərinə qoyulub: “Azərbaycan Ordusunun istifadə etdiyi silahların müasir olması kontekstində düşmən ordusundakı silah-sursatın çatışmazlığı, adekvat cavab verə bilməməsi, ruh düşkünlüyü, fərarilik bütövlükdə erməni cəmiyyətində xeyli narazılıqlar yaradıb. Hətta, bu günə qədər Ermənistanın ordusu haqqında formalaşdırılmış mifin yeyinti və korrupsiya fonunda necə rəzil olduğunu da hər kəs görür. Təsəvvür edin ki, Paşinyan müharibəyə təlim və avtomat görməmiş 18 yaşlı “uşaqları” göndərir. Zirehli jilet, güllə yox, tank, zirehli texnika qalmayıb. Azərbaycan ordusunun 10 gün ərzində həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində düşmənin 250-dək tankı və digər zirehli texnikası, 270-dək artilleriyası, yaylım atəşli raket sistemləri, minaatanları, 60-dək hava hücumundan müdafiə vasitələri, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi, yüzlərlə canlı qüvvəsi məhv edilib, böyük sayda texnika qənimət olaraq ələ keçirilib. Eyni zamanda, erməni cəmiyyəti mətbuatdan və sosial şəbəkələrdən Azərbaycan xalqının Ordusunun yanında necə olduğunu, yardımlar etdiyini, könüllülərin döyüşmək üçün can atdığını, eləcə də Ordumuzun düşmənlərə vurduğu zərbələrin video görüntülərini, şəkillərini gördükcə daha çox psixoloji sarsıntı keçirir. Əlbəttə ki, bütün bunların səbəbkarı kimi isə yalnız Paşinyanı görürlər”.
Sədaqət Vəliyeva əlavə edib ki, Paşinyanın yürütdüyü siyasət Ermənistanda böyük narazılıq yaradır, onun siyasi və hərbi sferadakı təcrübəsizliyinin, bacarıqsızlığının ölkəni uçuruma aparması hiddət formalaşdırır: “Hətta, İrandan Ermənistana ciddi yardım göndərilməməsinin günahı da hökumətin yürütdüyü siyasətdəki səhvlərlə əlaqələndirilir. Eyni zamanda, Ermənistanın İsraildə səfirlik açmasının İranı qəzəbləndirdiyi də ehtimal olunur. Həmçinin, dünya ölkələrinin, beynəlxalq təşkilatların Ermənistana dəstək olmaması, Azərbaycanın haqq, ədalət işini dəstəkləməsi faktı da Paşinyanın uğursuz diplomatiyası kimi dəyərləndirilməkdədir”.
Deputat diqqətə çatdırıb ki, son günlər ərzində Paşinyanın verdiyi müsahibələrində davranışları və özünü ifadə tərzinin qəribə olması faktı da onun psixi problemlərinin olduğuna işarə edir.