Xəbərlər
Vətən bir kəlmədə minlərlə insanı birləşdirən əzəmətdir!
Zəkiyyə Musayeva
YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri
Vətənpərvər bir mühitin mövcudluğu mükəmməl şəkildə o zaman təzahür edir ki, bu hiss insanların hər hərəkətində, hər sözündə özünü göstərmiş olsun. Xalqımız tarix boyu Vətəninin mənfəətini öz mənfəətindən, Vətəninin gələcəyini öz gələcəyindən üstün tutan bir anlayışa, dərin bir Vətən sevgisinə sahib olmuş xalq kimi tanınmışdır. Vətən əbədi sevgimizin dəyişməz ünvanıdır, qanımızda covlan edən yurda bağlılıqdır. Vətən vazkeçilməzdir, hər qarışına can fəda edəcək müqəddəsimizdir. Vətən varlığımızda yaşatdığımız, mənliyimizdə qoruduğumuzdur. Bu kəlmələr hər birimizin dilində deyə biləcəyimiz, ifadəsinə sığdıra bilmədiyimiz qəlbimizin səsidir. Qürurlandığmız, sevinc damlalarında qəlb yanğımızı söndürəcək xoş xəbərlərimizin, qələbə sorağının carçısıdır! Vətən bir kəlmədə minlərlə insanı birləşdirən əzəmətdir! Son günlərdə işğal olunmuş ərzilərimizdə düşmən hücumunun qarşısını qətiyyətlə alan qəhrəman əsgər və zabitlərimiz bir daha sübut etdi ki, müasir silah və texnikalarla təchiz olunmuş ordumuz mətin və ürəyində Vətən sevgisi olan qəhrəmanları ilə daim zəfərə doğru irəliləmək əzmindədirlər. Azərbaycan Ordusunun keçirdiyi adekvat cavab tədbirləri Ermənistan ordusunun güclü olması ilə bağlı yaradılan və daxili auditoriyaya hesablanmış mifləri darmadağın etməklə bərabər, həm də erməni əsgərlərinin döyüş meydanında aciz vəziyyətə düşməsinə səbəb olub. Belə bir həssas məqamda xalqımız bir daha milli birlik nümayiş etdirərək müzəffər ordumuza, qəhrəman əsgərlərimizə dəstək nümayiş etdirir. Azərbaycan Silahlı Qüvvələrinin - hərbçilərimizin döyüş və qələbə ruhu insanlarda böyük qürur və sevinc hissləri doğurur. Ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq cəmiyyətin bütün təbəqələri qısa müddətdə Ali Baş Komandanın ətrafında sıx birləşərək milli birlik, həmrəylik nümayiş etdirdilər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradə və qətiyyətini, xalqımızın böyük dəstəyini hiss edən Silahlı Qüvvələrimiz irimiqyaslı hərbi əməliyyatlarında yüksək taktiki və strateji hazırlıq səviyyəsi və işğalda olan torpaqlarımızı azad etmək əzmi nümayiş etdirərək bütün dünyaya sübut etdi ki, haqq yolunun sonu zəfərdir!
İnkaredilməz həqiqətdir ki, işğalçı Ermənistanın silahlı birləşmələrinin yeni ərazilər işğal etmək məqsədilə yenidən Azərbaycana qarşı hücuma keçərək mülki əhalini hədəfə alması bütün beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib. Eyni zamanda, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozmasına baxmayaraq, müxtəlif təxribaçı bəyanatlar səsləndirməklə bərabər, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma həyata keçiriblər. Bu günədək Ermənistan rəhbərliyinin, eləcə də işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qondarma rejimin nümayəndələri tərəfindən ölkəmizi təhdid edən çıxışlar və əsassız iddialar dünya birliyi tərəfindən sükutla qarşılanıb, qınaq obyektinə çevrilməyib, xüsusilə münaqişəni nizama salmaq üçün vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu Ermənistanın təcavüzkar siyasətinə qarşı adekvat tədbirlər görməyib. Hər kəsə bəllidir ki, faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət, eləcə də münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. İşğalçı tərəf bu günədək danışıqları imitasiya üçün aparıb, vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirib.
Bu gün Azərbaycanın tarixi ədalətin bərpası üçün mübarizə aparır və birmənalı mövqeyini ortaya qoyur. Bu, bizim həm hüquqi, həm də mənəvi haqqımızdır. Ermənistan tərəfi də çox gözəl bilir ki, bu məsələdə Azərbaycan həm tarixə, həm beynəlxalq hüquqa, həm də ədalətə əsaslanır. Eyni zamanda, Ermənistandan fərqli olaraq, ölkəmizdə xalq–iqtidar, xalq–ordu birliyi mövcuddur. Milli və siyasi həmrəyliyin parlaq göstəricisi olaraq bu gün 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanatla çıxış edir, ölkə rəhbərinin ətrafında səfərbər olduqlarını bəyan edirlər. Hər kəsin döyüşmək üçün könüllü olaraq yazılması, eləcə də təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamdan xəbər verir. Respublikamızın Prezidenti İlham Əliyev açıq bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq. Ermənistan anlamalıdır ki, Azərbaycanın güclü ordusu olmaqla bərabər, həmrəylik mövcuddur və hər birimiz Ali Baş Komandanın müsəlləh əsgəriyik! Ermənistan nə qədər öz ordusu haqqında müsbət rəy formlaşdırmağa çalışsa da, ölkəsindəki pərakəndə və acınacaqlı vəziyyəti gizlətməyə səy göstərsə də, son döyüşlər onu sübut etdi ki, ölkəmizin rəşadətli oğulları və ordusu qarşısında acizdirlər.
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində də qətiyyətlə bildirdi ki, “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Bu fikirlər Azərbaycan dövlətinin, ölkə Prezidentinin və Silahlı Qüvvələrin Ali Baş Komandanının qətiyyətli mövqeyinin və haqq səsinin prinsipial ifadəsidir!