YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Samux rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin Milli Məclisin deputatı Nizami Səfərovla videokonfrans formatında görüşü keçirilib

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə Samux rayonundan Milli Məclisin deputatı Nizami Səfərovun rayonun fəal gənclər ilə görüşü keçirilib. Videokonfrans formatında baş tutan görüşdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və rayon Gənclər Birliyinin üzvləri iştirak etdilər. Görüşdə ölkəmizdə koronavirus epidemiyası (COVİD-19) qarşı aparılan səmərəli mübarizədən və cəbhənin Tovuz rayonu istiqamətində düşmən təxribatından bəhs edildi.

İlk öncə Milli Məclisin deputatı Nizami Səfərov əvvəlcə gənclərə öz tövsiyyələrini çatdıraraq bildirdi ki, peşəsindən, vəzifəsindən, statusundan və tutduğu mövqedən asılı olmayaraq hər bir şəxs öz vətəndaşlıq borcunu yüksək məsuliyyətlə yerinə yetirməlidir. Gənclər çalışdıqları hər bir sahədə xalqa, dövlətə ləyaqətlə xidmət etməlidirlər. Deputat xüsusi olaraq vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında epidemiya əleyhinə həyata keçırılən kompleks tədbirlər öz səmərəsini vermişdır və bunun nəticəsində COVİD-19 infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısı alınmışdır.

Daha sonra Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısının layiqincə alındığını diqqətə çatdıran N. Səfərov qeyd etdi ki, həmin vaxt on minlərlə vətənpərvər gəncin öz torpaqları uğrunda döyüşmək üçün hazır olduqlarını bildirməsi təqdirəlayiq haldır. Deputat həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq problemin yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində, hamılıqla tanınan beynəlxalq hüquq normaları və prinsipləri əsasında həll edilməsinə diqqəti yönəltmişdir.

Nizami Səfərov gənclərin ictimai fəallığının yüksəldilməsinin böyük əhəmiyyət daşıdığını vürğulayaraq, onların ölkəmizin inkişafında fəal rol oynamağa çağırmışdır.

Görüşdə iştirak edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd etdi ki, gənclərimizin meydanlara axışaraq Ali Baş Komandana, Azərbaycan Ordusuna dəstəyini ifadə etməsi düşməndə böyük vahimə yaradıb. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, qətiyyəti ilə torpaqlarımız tezliklə düşmən işğalından azad olunacaq və məcburi köçkün həyatı keçirən soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Görüşdə gənclər də mövzu ətrafında öz fikirlərini bildirdilər.

YAP Samux rayon təşkilatının Gənclər Birliyinin üzvləri vurğuladılar ki, bundan sonra da Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq, dövlət başçısı İlham Əliyevin siyasi xəttini dəstəkləyəcək, dövlətçiliyə və xalqa ləyaqətlə xidmət edəcəklər.