Xəbərlər
Arzu Nağıyev: Ermənistanın daxilində ictimai-siyasi vəziyyət son dərəcə kəskinləşərək artıq böhran həddinə çatıb
“Ermənistan açıq-aşkar Azərbaycan ərazilərində təxribat yaratmaq, postlarımıza daxil olmaq, diversiya törətmək, Azərbaycan əsgərlərini şəhid etmək, Azərbaycana məxsus müəyyən postları ələ keçirtmək məqsədi güdür. ATƏT-in Minsk qrupunun həmsədrləri isə 25 ildir ancaq deklorativ bəyanatlar verməklə məşğuldurlar. Bu təşkilatda təmsil olunan hər bir dövlət Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bərabər, verdikləri qərarların icrasına da diqqət etməlidirlər”. Bu fikirləri Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
A.Nağıyev bildirib ki, Minsk qrupunun həmsədrləri münaqişəni sülh yolu ilə həll edirlərsə, monitorinqlər daha ciddi aparılmalıdır. Kimin təxribatçı, kimin təxribata məruz qalan tərəf olduğu açıq şəkildə qeyd olunmalıdır. Amma Tovuz hadisələrində ATƏT tərəfindən aparılacaq monitorinqlər gecikdi. Son zamanlar isə onların məcburiyyətdən bəyanatlarla çıxış etdiklərini müşahidə edirik. Millət vəkilinin sözlərinə görə, təkcə ATƏT-də Minsk qrupuna daxil olan ölkələr deyil, orada təmsil olunan dövlətlər ərazi bütövlüyümüzü tanıdıqları kimi, bu istiqamətdə də öz mövqelərini ortaya qoymalıdırlar.
“Bu gün hər kəsə məlumdur ki, Ermənistanın daxilində ictimai-siyasi vəziyyət son dərəcə kəskinləşərək artıq böhran həddinə çatıb. Yəni, ölkənin və ya xalqın rifahını gedib işğal etdiyi Azərbaycan ərazisində oğurladıqları Azərbaycan musiqiləri altında rəqs etməklə düzəltmək mümkün deyil. Bu əməlin özü də təxribatdır. Bunun nəticəsi kimi, müxalifətin getdikcə daha çox nüfuz qazanması, vətəndaşlar arasında çaxnaşmaların geniş vüsət alması sözsüz ki, Paşinyan rejimini radikal addımlar atmağa vadar edir. Digər tərəfdən də, Azərbaycanın son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar Ermənistanı getdikcə daha çox narahat edir və onları, eləcə də digər xarici ermənipərəst qüvvələri daha aqressiv vəziyyətə gətirib çıxarmışdır. Ermənistan və ermənipərəst qüvvələr təkcə Azərbaycana qarşı deyil, geniş anlamda bölgə üçün təhlükədir. Ölkəmizin qazandığı diplomatik uğurları, dövlətimizin başçısının irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, işğalçı Ermənistanı əlbəttə ki, narahat edir. İşğalçı dövlətin rəhbərləri və onların sələfləri çox yaxşı dərk edirlər ki, belə təşəbbüslər ancaq dövlətin və o dövlətin liderinin böyük nüfuzu olduqda dəstəklənir. Yəni, Paşinyan Ermənistanda vəziyyət kritik olan kimi, xalq ondan söz verdiyi gözəl həyatı tələb edən kimi «Qarabağ kartı»ndan istifadə edir. Öz vətəndaşının başını qatmaq istəyir ki, yəni, mən hansısa islahatlar aparmağa çalışıram, lakin müharibə buna imkan vermir. Yəni, bütün bunlar düşünülmüş bir məsələ idi. Azərbaycan Ordusu lazım olan cavabı verdi və düşməni susdurmağa nail oldu”-deyə, deputat qeyd edib.