Xəbərlər
Prezident İlham Əliyev Tacikistanın Prezidenti Emoməli Rəhmona təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ölkəsinin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Biz dost Tacikistanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlarına və beynəlxalq arenada nüfuzunun artmasına sevinirik.
Ölkələrimizi ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli əlaqələrimiz xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Dünyanın üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının dost Tacikistan xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.
Hörmətli Emoməli Şərifoviç, belə bir xoş gündə Sizə ən xoş arzularımı yetirir, Tacikistan Respublikasına əmin-amanlıq və rifah diləyirəm”.