Xəbərlər
BMT-nin Baş Assambleyası ali audit qurumlarının fəaliyyətinə dair qətnamə qəbul edib
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası “Ali audit qurumlarının gücləndirilməsi vasitəsilə dövlət idarəetməsində səmərəliliyin, cavabdehliyin, effektivliyin və şəffaflığın inkişaf etdirilməsi və gücləndirilməsi” ilə bağlı qətnamə qəbul edib.
Azərbaycan Hesablama Palatasından bildiriblər ki, qətnamədə BMT-nin Baş Assambleyası ali audit qurumlarının (AAQ) öz vəzifələrini yalnız audit aparılan qurumdan asılı olmadığı və kənar təsirdən mühafizə edildiyi təqdirdə obyektiv və effektiv şəkildə həyata keçirə bildiyini, milli inkişaf məqsədlərinə nail olunmasında əsas vasitə kimi dövlət idarəetməsində səmərəliliyin, cavabdehliyin, effektivliyin və şəffaflığın inkişaf etdirilməsi istiqamətində AAQ-ların mühüm rolunu diqqətə çatdırıb. Baş Assambleya, həmçinin qətnamədə beynəlxalq səviyyədə razılaşdırılmış inkişaf məqsədlərini tanıdığını vurğulamaqla, 1977-ci və 2007-ci ildə qəbul edilmiş Lima və Mexiko bəyannamələrinə diqqət yetirməklə üzv dövlətləri həmin bəyannamələrdə qeyd olunmuş prinsipləri öz milli institusional quruluşlarına uyğun şəkildə tətbiq etməyə çağırdığını qeyd edib.
Qətnamədə, eyni zamanda, üzv dövlətləri və BMT-nin müvafiq qurumlarını əməkdaşlıqlarının davam etdirilməsinin və gücləndirilməsinin, o cümlədən dövlət mühasibatlıq sistemlərinin təkmilləşdirilməsinin gücləndirilmiş AAQ-lar vasitəsilə səmərəlilik, cavabdehlik, effektivlik və şəffaflığın təmin edilməsi ilə bütün səviyyələrdə qabaqcıl idarəçiliyi inkişaf etdirmək üçün INTOSAI-la (Audit Qurumlarının Beynəlxalq Təşkilatı) birgə potensialın qurulmasının, AAQ-ların müstəqilliyinin və potensialının artırılmasının, dövlət mühasibatlığı və auditi ilə bağlı potensialın yaradılmasının, bilik və qabaqcıl təcrübədə inkişaf etməkdə olan ölkələrə dəstək göstərmək üçün davamlı beynəlxalq əməkdaşlığın mühümlüyü vurğulanıb.