Xəbərlər
Siyasi sabitlik, demokratik islahatlar və strateji layihələr
Ülvi Fərzəliyev
YAP Neftçala rayon təşkilatının sədri
Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni regional yanaşmanın mahiyyətini bir daha aydın şəkildə ortaya qoydu. Bu müsahibə, bütövlükdə, ölkəmizin sülhə, əməkdaşlığa və uzunmüddətli sabitliyə əsaslanan strateji xəttinin təqdimatı kimi dəyərləndirilə bilər. Dövlət başçısının Azərbaycanla Ermənistan arasında yollar açılacaq fikri də məhz bu yanaşmanın məntiqi davamıdır və regionda artıq dəyişməz xarakter alan reallıqları ifadə edir.
Vətən müharibəsindən sonra Cənubi Qafqazda tamamilə yeni siyasi və geosiyasi vəziyyət formalaşıb. Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini hərbi-siyasi müstəvidə təmin etməklə yanaşı, regionda davamlı sülhün bərqərar olunması üçün real imkanlar yaradıb. Bu mərhələdə əsas məqsəd qarşıdurma mühitini aradan qaldırmaq, uzun illər süni şəkildə qapalı saxlanılan əlaqələri bərpa etmək və regionu inkişaf məkanına çevirməkdir.
Mövcud reallıqlar göstərir ki, kommunikasiyaların açılması təkcə nəqliyyat məsələsi deyil, eyni zamanda siyasi etimadın və iqtisadi qarşılıqlı asılılığın formalaşmasına xidmət edən mühüm amildir. Azərbaycan bu prosesə qalib və güclü dövlət kimi yanaşaraq revanşizm ritorikasından uzaq, praqmatik və konstruktiv mövqe nümayiş etdirir. Bu yanaşma region ölkələri üçün də aydın mesajdır: inkişaf və təhlükəsizlik yalnız əməkdaşlıq müstəvisində mümkündür.
Son aylarda baş verən faktiki proseslər bu siyasi xəttin praktik müstəvidə də reallaşdığını göstərir. Qazaxıstana məxsus taxıl məhsullarının və Azərbaycan benzinin ölkə ərazisindən keçərək Ermənistana çatdırılması Azərbaycanın məsuliyyətli və humanitar yanaşmasını, eləcə də, regionda konstruktiv və stabil mövqeyini nümayiş etdirir. Azərbaycan öz nəqliyyat və logistika imkanlarını açaraq regionda gərginliyin azalmasına və iqtisadi sabitliyin qorunmasına töhfə verib. Bu fakt regionda yeni əməkdaşlıq modelinin artıq formalaşmağa başladığını göstərir.
Eyni zamanda Ermənistan üçün mövcud vəziyyət alternativsizdir. Uzun illər davam edən qeyri-konstruktiv siyasət bu ölkəni iqtisadi və siyasi baxımdan çətin vəziyyətə salıb. Regional layihələrdən kənarda qalmaq Ermənistanı daha da təcrid vəziyyətinə sürükləyir. Kommunikasiya xətlərinin açılması isə bu ölkə üçün iqtisadi canlanma və regional inteqrasiya baxımından real imkanlar yaradır.
Bu kontekstdə Zəngəzur dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat əlaqəsinin təmin olunması ilə yanaşı, Cənubi Qafqazın nəqliyyat-logistika xəritəsinin yenidən formalaşmasına xidmət edir. Prezident İlham Əliyev müsahibəsində də bildirib: “Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyət daşıyır və bütün tərəflərin faydasına olacaq”. Layihə regional ticarətin genişlənməsi, tranzit potensialının artırılması və qarşılıqlı iqtisadi maraqların uzlaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi heç bir ölkəyə qarşı yönəlməyib və regionun bütün dövlətləri üçün əlavə imkanlar yaradan təşəbbüs kimi çıxış edir.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni regional nizamın əsas prinsiplərini aydın şəkildə ortaya qoyur. Kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Zəngəzur dəhlizi kimi strateji layihələrin reallaşdırılması ölkəmizin sülhə və inkişafa əsaslanan siyasətinin məntiqi nəticəsidir. Qalib Azərbaycan bu yanaşma ilə Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın aparıcı qüvvəsi olduğunu bir daha nümayiş etdirir.
