Xəbərlər
Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına hücum nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb
Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına edilən hücum nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, 10 nəfər isə yaralanıb. Onlardan beşinin vəziyyəti ağırdır. Həlak olanların arasında iki nəfər polis əməkdaşı da var.
Şahidlərin sözlərinə görə hadisə avtomat silah və qumbaraatanlarla silahlanmış qara maskalı iki şəxs tərəfindən törədilib.
Hazırda hadisənin baş verdiyi ərazi polis tərəfindən nəzarətə götürülüb. İl-de-Frans paytaxt regionunda isə fövqəladə vəziyyət elan olunub.
Hadisə yerinə gələn Fransa Prezidenti Fransua Olland redaksiyaya edilən basqınla əlaqədar hökumətin təcili iclasını çağırıb. Baş verənləri “Fransaya qarşı terror aktı” adlandıran dövlət başçısı “Fransa respublikasının prinsiplərinə hücum edənlərin” tapılaraq cəzalandırılacağına söz verib.
Parisdə baş vermiş hadisəni qınayan Böyük Britaniyanın Baş naziri Devid Kemeron ölkəsinin Fransanın terrora qarşı mübarizəsini və söz azadlığını müdafiə səylərini dəstəklədiyini bildirib.