Xəbərlər
Yaxın Şərq və Şimali Afrika ölkələrinin KİV-ləri Azərbaycanın Birinci vitse-prezidenti haqqında məqalələr yayıb
Yaxın Şərq və Şimali Afrika ölkələrinin kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında məqalələr yayıb. Həmin məqalələr AZƏRTAC-ın “Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” sərlövhəli məqaləsi əsasında hazırlanıb.
Misirin “Aldiplomasy”, Birləşmiş Ərəb Əmirliklərinin “Gulf News”, “Dubai Hospitality News”, “Almanara”, “Meri Media”, “Dubai Global News”, “Iconic Lady”, Əlcəzairin “Əl Hərir”, İordaniyanın “Nayrouz”, Küveytin “Nabd” və s. mətbuat orqanlarında ərəb və ingilis dillərində dərc olunmuş məqalələrdə Mehriban Əliyevanın Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri kimi çoxşaxəli səmərəli fəaliyyətindən bəhs edilir.
Bildirilir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətinin kökündə mənsub olduğu xalqa sevgi dayanır. Vətəninə və xalqına sonsuz məhəbbətinə görə onu hamı sevir. O, Azərbaycanın ən böyük təəssübkeşlərindən biri, xalqın xoşbəxt gələcəyinə hesablanan bir çox layihələrin müəllifidir.
Yazılarda Mehriban Əliyevanın UNESCO və ICESCO-nun xoşməramlı səfiri kimi dünya mədəni irsinin qorunması, sivilizasiyalararası dialoqun inkişafı, Azərbaycanın beynəlxalq miqyasda tanıdılması işinə verdiyi töhfələr diqqətə çatdırılır.
Ərəbdilli oxuculara təqdim edilən məqalələrdə Mehriban Əliyevanın fotoşəkilləri də yerləşdirilib.
Qeyd edək ki, Mehriban Əliyevanın fəaliyyəti barədə məqalələr AZƏRTAC-a istinadla Çinin “China Daily” qəzeti, Avropa İttifaqının “EU Politics” portalı, Avropa Xəbər Agentliyi, Qazaxıstanın, Rumıniyanın, Moldovanın, Bolqarıstanın, Xorvatiyanın, Yunanıstanın, Rusiyanın, Qırğızıstanın, Özbəkistanın, İndoneziyanın kütləvi informasiya vasitələri tərəfindən də yayılıb.