Xəbərlər
Yunanıstan mətbuatı Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti barədə yazır
Yunanıstanın “VolosPress” nəşri və “Goodnet” xəbər portalı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti barədə məqalələr yayıb.
Yazılarda Mehriban Əliyevanın Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti kimi səmərəli fəaliyyətindən, beynəlxalq humanitar təşkilatlar olan UNESCO və ICESCO-nun xoşməramlı səfiri olaraq dünya mədəni irsinin qorunması, Azərbaycanın beynəlxalq miqyasda tanıdılması işinə mühüm töhfələrindən bəhs edilir.
AZƏRTAC-ın “Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” sərlövhəli məqaləsi əsasında hazırlanan yazılarda qeyd olunur ki, müasir müstəqil Azərbaycanın inkişafına xidmət etmək, sosial məsələlərin həlli, şəfqət və mənəviyyat ideyalarına sədaqət, yardıma möhtac olanların dadına yetmək Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsasını təşkil edir. Vurğulanır ki, Mehriban Əliyeva Prezident İlham Əliyevlə çiyin-çiyinə Azərbaycanın dinamik inkişafına böyük töhfə verir. Birinci vitse-prezident sosial məsələlərə, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə xüsusi diqqət göstərir.
Məqalələrdə, həmçinin Birinci vitse-prezidentin rəhbərliyi ilə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərindən, Heydər Əliyev Fondunun dəstəyi ilə modul tipli xəstəxanaların istifadəyə verilməsindən bəhs olunur. Bundan başqa, Mehriban Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyətinin həm Azərbaycanda, həm də dünya miqyasında yüksək qiymətləndirildiyi, onun bir çox beynəlxalq mükafatlara layiq görüldüyü vurğulanır.