Xəbərlər
Ramil Həsən: Azərbaycanın danışıqlarda mövqeyini gücləndirən amillər sırasında ordumuzun döyüş qabiliyyətini getdikcə artırması mühüm rol oynayır
“Azərbaycan cəmiyyətinin həmrəyliyi ölkəmizi fərqləndirən əsas məqamlardan biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, ölkəmizdə yüksək vətəndaş həmrəyliyi bərqərar olub, bütün ümummilli məsələlərdə dövlətin və cəmiyyətin mövqeyi tam üst-üstə düşür”. Bu fikirləri Milli Məclisin deputatı Ramil Həsən deyib.
R.Həsən bildiirb ki, Dağlıq Qarabağ probleminin həlli məhz bizi birləşdirən, heç bir fikir ayrılığına yer qoymayan belə ümummilli məsələdir. Azərbaycan ilk növbədə tarixi ədalətə əsaslanaraq ölkənin ərazi bütövlüyünun təmin olunmasında prinsipiallıq nümayiş etdirir.
Onun sözlərinə görə, həqiqətən də, tarixi faktlar və sənədlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Azərbaycanın mövqeyini güçləndirən çox mühüm amillər qismində çıxış edir: “Dağlıq Qarabağda Ermənistanın işğalına qədər mövcud olan toponimlər, məişət ənənələri, dini və tarixi abidələr bu yerlərin aborogen sakinlərinin məhz azərbaycanlılar olduğunu təsdiqləyir. Eyni zamanda, tarixi sənədlərdən də görünür ki, ermənilər bu yerlərə sonralar müəyyən siyasi səbəblərə görə köçürülüblər.
Onu da qeyd edim ki, hələlik xalqımızın xoş məramına əsaslanan Azərbaycan dövləti humanizm dəyərlərindən çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda konstruktivlik nümayiş etdirir. Ölkəmiz sülh danışıqlarının substantiv nəticələrə hesablanaraq aparılmasının tərəfdarıdır. Respublikamız danışıqların səmərəsiz aparılması və mövcud status kvonun sonsuzluğadək davam etdirilməsi cəhdləri ilə qətiyyən razılaşmır. Azərbaycanın danışıqlarda mövqeyini gücləndirən amillər sırasında ordumuzun döyüş qabiliyyətini getdikcə artırması mühüm rol oynayır. Son 17 ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi sayəsində ordumuzun maddi-texniki və kadr təchizatı əhəmiyyətli dərəcədə möhkəmlənib. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə əsasən, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Ordumuzun güclənməsi öz növbəsində qoşunların təmas xəttində üstünlüyün ölkəmizə keçməsini təmin edib. Bunu son illərdə düşmən qüvvələrinin təxribat cəhdlərinin ordumuz tərəfindən qətiyyətlə alınması, döyüş meydanlarında qazanılan qələbələr də təsdiqləyir. Xatırladaq ki, 2016-cı və 2018-ci illərdə keçirilən hərbi əməliyyatlar nəticəsində böyük ərazilər işğalçılardan azad olunub. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazi düşmən qüvvələrindən təmizlənib. Hazırda Ermənistandan Dağlıq Qarabağa gedən yola nəzarət olunur.
Azərbaycan Ordusunun Tovuz istiqamətində düşmənə vurduğu cavab zərbəsi işğalçılara növbəti dərs oldu”.