YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Milli iqtisadiyyatımızda özəl bölmənin xüsusi çəkisinin artırılması Azərbaycanın dövlət siyasətinin prioritetləri sırasında yer alır

“Milli iqtisadiyyatımızda özəl bölmənin xüsusi çəkisinin artırılması Azərbaycanın dövlət siyasətinin prioritetləri sırasında yer alır. Respublikamızda liberal iqtisadiyyatın inkişafı, bu sektorda istehsal və ixrac imkanlarının genişləndirilməsi güclü şəkildə təşviq olunur və bu məqsədlə praktiki müstəvidə lazım olan bütün tədbirlər görülür”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. 

T.Rzayev bildirib ki, respublikamızda iqtisadiyyatın prioritet sahələrinin üstün inkişafına nail olmaq məqsədilə yeni nəsil islahatlar reallaşdırılır. Bu baxımdan, özəl sektor da istisna təşkil etmir. Onun sözlərinə görə, yeni iqtisadi şəraitdə Azərbaycanın dövlət başçısının imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan yeni nəsil islahatların böyük bir qismi məhz azad sahibkarlığın inkişafının təşviq edilməsinə, ölkədə biznes mühitinin cəlbediciliyinin artırılmasına hesablanıb. Respublikamızda biznes mühitinin daha da optimallaşdırılmasına hesablanan islahatların əhatə dairəsi kifayət qədər genişdir. Ölkəmizdə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı müvafiq Fərmana əsasən “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi” qəbul edilib. Sənəddə qarşıya qoyulan məqsədlərə çatmaq üçün 5 strateji hədəf və 21 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. İndiyədək Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası yüksək səviyyədə təmin edilib.
Sahibkarların imkanlarının genişləndirilməsi baxımından respublikada investisiyaların və ixracın səmərəli təşviq mexanizminin işə salınmasının, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması müddətinin 2021-ci ilədək uzadılmasının, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının azaldılması, lisenziyaların müddətsiz müəyyən edilməsinin və digər belə tədbirlərin aktuallığı böyükdür.

“Respublikamızda biznes mühitinin optimallaşdırılmasına hesablanan islahatların böyük bir qismi biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədi daşıyır. Ölkəmizdə “Doing Business”in biznesə başlama indikatoru üzrə hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti 3,5 gündən 0,5 günə endirilib, ilkin qeydiyyatla bağlı 90 manat təşkil edən xərclər ləğv edilərək, prosedurun tam ödənişsiz olması müəyyənləşdirilib”-deyə, komitə sədri vurğulayıb.