Xəbərlər
Koronavirusla mübarizədə sərtləşdirmə tədbirlərinin görülməsi zəruridir
Ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq üçün zəruri və effektiv tədbirlər davam etdirilir. Bunun nəticəsidir ki, virusun yayıldığı ilk mərhələdə yoluxma sayı minimuma endirildi, ölüm halları çox aşağı səviyyəyə düşdü, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxanların sayını xeyli üstələdi. Lakin əfsuslar olsun ki, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlandı, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmadı.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov söyləyib.
Hikmət Şikarov deyib: “Buna görə də son zamanlar gün ərzində koronavirusa yoluxma sayının hətta 600 nəfərə yaxınlaşmasının şahidi oluruq. İnfeksiya səbəbindən tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldıqca ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının çoxalmasına səbəb isə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, sosial izolyasiya tədbirlərinə əməl edilməməsi, xüsusilə maska taxılmaması olmuşdur. Sanki karantin rejiminin yumşaldılması insanlarımızda müəyyən arxayınlıq yaratdı, yumşalmış karantin dövründə vətəndaşlarımızın bir qismi qoyulan qaydalara kifayət qədər riayət etmədi. Buna görə də ölkəmizdə yoluxmaların və ölümlərin xeyli artmasına gətirib çıxardı. Belə olan təqdirdə isə yeganə çıxış yolu karantin rejiminin sərtləşdirilməsi və cərimələrin tətbiqidir. Artıq xarici ölkələrdə də koronavirusla mübarizə sahəsində sərtləşdirmə tədbirləri, yeni məhdudlaşdırmaların tətbiqi, qaydaların pozulması ilə bağlı cəzaların tətbiqi, həmçinin yoluxma və ölüm hallarının artması, səhiyyə orqanlarının fəaliyyətində çatışmazlıqlar, fərdi qaydada insanların üzləşdiyi çətinliklər barədə çoxlu sayda məlumatlar eşidirik. Əgər virusa yoluxanların sayı sağalanların sayını üstələyəcəksə, o zaman ehtiyac olarsa, sərtləşdirmə tədbirlərini pandemiya aradan qalxana qədər davam etdirmək lazımdır və hər kəs bu qərarlara məsuliyyətlə yanaşmalıdır.
Təəssüf ki, bəzi vətəndaşlarımız pandemiyanın fəsadlarını tam dərk etməyərək, mövcud vəziyyətə uyğunlaşmaq istəmirlər. Lakin bu insanlar sərgilədikləri məsuliyyətsizlik və laqeydliklə öz ailə üzvlərini, dostlarını, qonşularını, iş yoldaşlarını, bütövlükdə cəmiyyətimizi böyük risk altında qoyurlar. Ona görə hər birimiz həmrəylik nümayiş etdirərək, bəhanə göstərmədən qapalı məkanlarda mütləq tibbi maskadan istifadə etməli, sosial məsafəni maksimum dərəcədə qorumalı, şəxsi gigiyena qaydalarına diqqət etməli və ən önəmlisi, bu günlərdə zərurət olmadıqca evdən çıxmamalıyıq. Ancaq bu çətin günlərdə birlik və həmrəylik göstərərək və hökumətimizin bizim sağlamlığımız üçün qəbul etdiyi qərar və tövsiyələrə əməl edərək, bu xəstəliyə qalib gələ bilərik”.