Xəbərlər
Sədaqət Vəliyeva: Şərq Tərəfdaşlığı ölkələrinin Sammiti Azərbaycanın Ermənistan üzərində növbəti siyasi qələbəsi oldu
“Bu gün Azərbaycanın Avropa İttifaqı ilə yüksələn xətlə inkişaf edən münasibətləri var. Ölkəmizin İttifaqın 9 üzvü ilə strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Eyni zamanda, Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişinin də 90 faizi artıq razılaşdırılıb. Həmçinin, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır və yaxın zamanda ölkəmiz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz edəcək. Bir sözlə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin dayanıqlı, gözəl perspektivi var”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan Şərq tərəfdaşlığı çərçivəsində də Avropa İttifaqı ilə əməkdaşlıq edir: “2009-cu ildə əsası qoyulan Şərq tərəfdaşlığı proqramı çərçivəsində müxtəlif sahələrdə qurulan əməkdaşlıqda əhəmiyyətli nəticələrə imza atılıb. Ötən 11 il ərzində təşkilat Azərbaycan iqtisadiyyatına böyük sərmayalar qoyub və ölkənin əsas ticarət tərəfdaşı olub. Eyni zamanda, Azərbaycan Şərq Tərəfdaşlığı proqramı ilə əhatə olunan altı üzv ölkələrin içərisində Avropa İttifaqı ilə həyata keçirilən tvinninq layihələrinin sayına görə lider mövqeyində dayanır. Bu da onu göstərir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında sıx münasibətlər qurulub, hətta Şərq tərəfdaşlığı çərçivəsində Azərbaycan qurumla əməkdaşlıqda lider mövqeyinə yüksəlib. Elə bu səbəbdəndir ki, Şərq tərəfdaşlığı sammitlərində də Azərbaycanın mövqeyi qəti olur və müdafiə olunur. Bu mənada, Şərq tərəfdaşlığının son sammiti də istisna təşkil etmədi və Azərbaycanın Ermənistan üzərində növbəti siyasi qələbəsi kimi tarixə düşdü”.
“Həm dünya, həm Azərbaycan, həm də erməni ictimaiyyəti gördü ki, Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində Nikol Paşinyan növbəti dəfə özünü necə ifşa etdi” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Ermənistanın baş naziri bir daha özünün nə qədər siyasətə yad birisi olduğunu isbatladı: “Hər kəs aydın şəkildə görürdü ki, Paşinyan Ermənistandakı vəziyyəti nəzərə alaraq daxili auditoriyaya hesablanmış çıxış edirdi. Lakin siyasi və diplomatik qabiliyyəti olmadığından özünü ifşa edirdi. Məsələn, onun sammitdəki çıxışı Paşinyanın dil biliyi səviyyəsini göstərirdi. O, əvvəlcədən hazırlanan çıxışını kağızdan ingilis dilində oxusa da, sonra fikirlərini bu dildə ifadə edə bilmədi, keçdi ermənicə danışmağa. Bununla yanaşı, Paşinyan erməni xislətinə uyğun olaraq, yenidən dilənmək taktikasına üstünlük verdi və Avropa İttifafından yardım almağa çalışırdı. Bu məqamdan bir daha görünürdü ki, Ermənistan dünyanın 29 ölkəsinə, 3 beynəlxalq təşkilatına yardım edən, Avropa İttifaqı rəhbərliyi tərəfindən ciddi tərəfdaş kimi qəbul edilən Azərbaycanın yanında nə qədər aciz və cılızdır. Paşinyan replikası zamanı isə özünü və erməni təbliğatını tamamilə ifşa etmiş oldu. Onun Ramil Səfərovla bağlı məsələdə diqqəti yayındırmaq cəhdi iflasa uğradı və daha bir erməni yalanının üstünü açmış oldu. Bununla da Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi”.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, videokonfrans şəklində keçirilən Sammitdə Paşinyanın ekran qarşısında maska ilə oturması isə ayrıca bir biabırçılıq mövzusudur.