YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Dövlətimiz və Prezidentimiz həkimlərin fədakarlığını yüksək qiymətləndirir, ayaqüstə alqışlayır

“Koronavirus pandemiyası ilə mübarizədə böyük məsuliyyət həm də həkimlərin üzərinə düşür. Həkimlər öz həyatlarını təhlükə qarşısında qoyaraq koronavirus infeksiyasının qarşısını almaq, bu xəstəliyə yoluxan insanların sağlamlığını yenidən qaytarmaq üçün bütün imkanlardan istifadə edirlər. Həkimlər var 70 gündür evə getmirlər. Məsuliyyətsizlik üzündən, yaxud  immunitetin zəifliyindən bu virusa yoluxan xəstələri sağlam şəkildə həyata qaytarmaq üçün həkimlərimiz gecəli-gündüzlü çalışırlar”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan həkimlərinin vətənpərvərliyi və fədakarlığı sözün əsl mənasında xalqımızın koronavirus pandemiyasının ağır sınaqlarından uğurla çıxmasında mühüm rol oynayır. Həkimlər pandemiya dövrünün insanlar üçün həyati əhəmiyyət daşıyan vəzifələrini şərəflə həyata keçirərək dövlətimizin də, xalqımızın da etimadını qazana biliblər. Eyni zamanda, dövlətimiz və Prezidentimiz həkimlərin fədakarlığını yüksək qiymətləndirir, ayaqüstə alqışlayır.

Deputat əlavə edib ki, ölkəmizdə koronavirusdan ölənlərin sayının az olması dövlətin atdığı preventive addımların və həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır: “Halbuki, ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və hər  gün yüzlərlə insan vəfat edir. Amma başqa vaxt həmin inkişaf etmiş ölkələrin “qabaqcıl” səhiyyə sistemindən ağız dolusu danışılırdı. Lakin qlobal bir sınaq hansı dövlətin və xalqın nəyə qadir olduğunu, hansı keyfiyyətləri özündə daşıdığını nümayiş etdirdi”.

“Dövlətimizin qüdrəti və həkimlərimizin peşəkarlığı heç kəsdə rahatlıq yaratmamalı, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və cəmiyyətimizi qorumaq üçün sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir” – deyən Sədaqət Vəliyeva vurğulayıb ki, dövlətimizin dəstəyi, həkimlərimizin səyləri nəticəsində Azərbaycan koronavirus pandemiyasından az itki ilə çıxacaq.