YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Koronavirusla mübarizədə laqeydlik hər birimizə real təhlükə törədə bilər

«Hər bir məsələnin həllində başlanğıc mərhələ önəmli rol oynayır. Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri hər bir ölkənin malik olduğu imkanların təqdimatında, eyni zamanda, vəziyyətdən çıxmaq üçün düzgün istiqamətin seçilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan koronavirusa qarşı mübarizədə də kompleks tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verdiyini bir daha nümayiş etdirir. Azərbaycanın ilk gündən atdığı addımların beynəlxalq aləmdə təqdir olunması, Ümumdünya Səhiyyə Təşkilatı rəsmilərinin görülən işləri yüksək dəyərləndirmələri də səbəbsiz deyil. Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə ilkin mərhələdə xəstəliyin geniş yayılmaması uğurlu addımlar sırasındadır. Mübarizəyə başlandığı gündən əsas çağırış məsuliyyətli olmaq, sosial məsafəni gözləmək, tibbi maskalardan istifadə etmək olub və həmin məsələlər bu gün də öz aktuallığını qoruyur. Ehtiyac duyulmadığı təqdirdə evdən çıxmamaq əsas tələblər sırasındandır». Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı ölkəmizdə həyata keçirilən bütün tədbirlər, görülən işlər dövlətimizin başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir: «Koronavirusun həm insanların həyat tərzinə, həm də hər bir ölkənin iqtisadiyyatına böyük zərbə vurduğu halda, cənab İlham Əliyev əhalinin sağlamlığının qorunmasının prioritetliyini önə çəkərək bu istiqamətdə zəruri olan bütün addımları atdı. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldular. Ölkəmizdə istifadəyə verilən iki müəssisə tibbi maska ilə yanaşı, tibbi spirt, dezinfeksiya məhsulları, qoruyucu kombinezonlar istehsal edir. Məhz ölkəmizdə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində tətbiq olunan karantin rejimində mərhələ-mərhələ yumşalmalar həyata keçirildi. Ölkəmiz aparılan testlərin sayına görə də öz birinciliyini qoruyur. Ümumiyyətlə, testlərin aparılması hər bir ölkəyə geniş imkan yaratdı ki, xəstələrinin sayını müəyyənləşdirsin, onlara operativ tibbi xidmət göstərsin və eyni zamanda, özünü bu dəhşətli bəladan qorusun».

V.Rəhimzadə bildirib ki, məsuliyyətimizi artırmalı, nizam-intizam qaydalarına riayət etməli, hər kəs özünün həkimi olmaqla evdə qalmağa daha çox üstünlük verməlidir. Nəzərdə tutulan qaydaların pozulmasına görə cərimələrin tətbiqi də insan amilinə verilən dəyərdən, onların sağlamlığını təmin etmək üçün zəruri olan şəraitin yaradılmasından qaynaqlanır. Amma çalışmalıyıq ki, cərimələr deyil, məsuliyyətimiz sağlamlığımızın keşiyində dayansın.

Baş redaktor xüsusi vurğulayıb ki, Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün müraciətlərində məsuliyyətli olmağa, evdə qalmağa çağırışlar əsas yer tutur. COVID-19-a qarşı vaksinin nə zaman hazırlanacağını və xəstəliyin tez və effektiv müalicə üsulunun nə vaxt tapılacağını bu gün dəqiqliklə heç kim deyə bilmir. Ona görə də heç bir halda sayıqlığımızı itirməməli, ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik. Belə əziyyətlə nail olduğumuz müsbət nəticələri sıfıra endirərək itirmək yolverilməzdir. Laqeydlik hər birimizə, yaxınlarımıza, ölkəmizə real təhlükə törədəcək. Hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik. Əslində bu qaydalar elə də çətin deyil – məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq.

«Göründüyü kimi, COVID-19-la mübarizədə vətəndaş məsuliyyəti əsasdır» söyləyən V.Rəhimzadə vurğulayıb ki, tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur: «Hər zaman bu çağırış gündəmdədir ki, maarifləndirmə işinin yüksək səviyyədə həyata keçirilməsi prioritetdir. Bu baxımdan hər bir vətəndaş üzərinə düşən məsuliyyəti yerinə yetirməklə artıq pandemiyanın birinci mərhələsini az itki ilə başa vuran ölkəmizin yeni dalğaları yaşamamasına, xəstəliyin coğrafiyasının genişlənməməsinə öz dəstəyini göstərə bilər. Gündən-günə gözəlləşən, müasirləşən paytaxt Bakımızın, şəhər, rayon və qəsəbələrimizin hər addımlığında rast gəldiyimiz reklam lövhələrində, avtobus və metrolarda səsləndirilən çağırışlar hər birimizdə məsuliyyət hissini yaratmaqla yanaşı, sabahımıza böyük inamla addımlamağımızı tələb edir. Özünütəcrid koronavirusla mübarizədə əsas amil olduğu halda, özünəqapanma, depressiyaya düşmə uğursuzluğa yol açar. Bunun üçün məsuliyyətli olaq, qaydalara riayət edək, özümüzə qapanmayaq, pozitiv olaq, evdə qalaq ki, koronavirusla mübarizənin qaliblərinə çevrilək. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük inam və qətiyyətlə vurğuladığı kimi, COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək. Həmin gün uzaqda deyil.»