YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqiyə Naxçıvanlı: Azərbaycanda MDB və digər ölkələrlə müqayisədə vətəndaş üçün ən əlverişli ipoteka kreditləri tətbiq edilir

“Azərbaycan Respublikasının qanunlarına və Prezident İlham Əliyevin fərman və sərəncamlarına uyğun olaraq ölkəmizdə aparılan siyasət ailələrin sosial təminatının yaxşılaşdırılmasına yönəlib”. Bu fikri Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

A.Naxçıvanlı bildirib ki, Azərbaycan Respublikasının İpoteka və kredit Zəmanət Fondunun yaradılması, gənc ailələrə güzəştli ipoteka kreditinin, ailələrə güzəştli sosial mənzillərin verilməsi də dövlətimizin əhaliyə verdiyi sosial dəstəyin bariz nümunələrindəndir. İpoteka və Kredit zəmanət Fondu Qafqaz regionunda ilk ipoteka bazarı fondu olmaqla yanaşı, MDB və digər ölkələrlə müqayisədə vətəndaş üçün ən əlverişli ipoteka kreditlərini tətbiq edir. Belə ki, Fondun ipoteka üzrə minimal faiz dərəcəsi 3,7 faizdən başlayır, orta faiz dərəcəsi isə 6,4 faiz təşkil edir. Müqayisə üçün, Rusiyada minimal faiz dərəcəsi 6,1 faiz, orta faiz 8,9 faiz təşkil edir, Qazaxıstanda isə faiz dərəcələri 13 faizdən başlayır. Fəaliyyət göstərdiyi dövr ərzində Fondun vəsaiti ilə 29 minə yaxın ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub. Hətta 2018-ci ildən etibarən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin təxminən 70 faizinin satışı Fondun xətti ilə güzəştli ipoteka krediti vasitəsilə həyata keçirilib və vətəndaşlara daha operativ, səmərəli və şəffaf xidmət göstərilməsini təmin etmək üçün sənədlərin qəbulu “ASAN xidmət” mərkəzlərinə verilib.

“Bütün bunlar görülən uğurlu işlərdir. Ancaq yaxşı olardı ki, güzəştli ipoteka kreditlərinin verilməsi şərtləri çoxuşaqlı ailələrə də şamil olunsun. Digər bir tərəfdən fikrimcə, Prezidentin müvafiq Sərəncamı ilə inşa olunan yeni sosial evlərə güzəştli ipoteka kreditlərinin verilməsini gənc həkim və müəllimlərə də şamil olunması nəzərə alınmalıdır. Əgər belə olarsa, bu, həmin kateqoriyadan olan gənc ailələrin sosial yaşayışı üçün əhəmiyyətli olar. Həm də gəncləri bu peşələrə həvəsləndirər”-deyə, A.Naxçıvanlı vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv