Xəbərlər
Prezident İlham Əliyev Tərtər rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair Sərəncam imzalayıb
Prezident İlham Əliyev iyunun 3-də “Tərtər rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Tərtər rayonunun əhalisi 28149 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 21 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,47 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Sərəncama əsasən, Azad Qaraqoyunlu, Bəyimsarov, Borsunlu, Cəmilli, Evoğlu, Ələsgərli, Hacıqərvənd, Xoruzlu, Kəngərli, Köçərli, Kövdadıq, Qaradağlı, Qaynaq, Mamırlı, Soyulan, Təzəkənd kəndlərinin hərəsində 1 ədəd, Çaylı kəndində 2, Şıxarx qəsəbəsində isə 3 ədəd subartezian quyusu qazılacaq.