YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: Vətəndaşlar məsuliyyətlə davranmalı, qaydalara ciddi əməl etməlidirlər

“Son günlərdə ayrı-ayrı dünya ölkələrində XXI əsrin bəlasına çevrilən koronavirus (COVID-19 ) infeksiyasının müxtəlif mərhələlərdə səngiməsinin və sonra yenidən baş qaldırmasının şahidi oluruq. İlk gündən virusun yayılmasının qarşısının alınması, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə hökumət tərəfindən məqsədyönlü, təxirəsalınmaz tədbirlər görülüb, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsaslanan maarifləndirmə işləri davam etdirilib. Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılmasından tutmuş, sosial və məhdudlaşdırıcı izoliyasiya tədbirlərinin həyata keçirilməsi, karantin rejiminin və hərəkət məhdudiyyətinin tətbiq olunması kimi qərarlar Azərbaycan dövlətinin ilk gündən koronavirusla mübarizəyə olduqca diqqətli yanaşmasının, zamanında operativ və təxirəsalınmaz addımlar atmasının göstəriciləri kimi tarixə düşdü”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

 A.Məmmədov bildirib ki, Azərbaycan dövləti Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində ilk gündən koronavirusla mübarizənin ən effektiv nümunəsini ortaya qoydu. Lakin əfsuslar olsun ki, aprel ayının 27-dən etibarən ölkəmizdə xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar olaraq koronavirus infeksiyasına yoluxma halları günbəgün artır. Bəzi vətəndaşlarda sanki bir növ arxayınlıq yaranıb, karantin rejiminin qaydalarına əməl etmək istəmirlər. Ancaq biz heç bir halda karantin rejiminin tələbləri ilə bağlı yumşaldılmaları rahatlıq və virusdan tam azad olmaq kimi qəbul etməməliyik. Çünki bu günə qədər əldə etdiyimiz uğurlar alınan qərarlara riayət etməyimiz nəticəsində mümkün olub.

“Bakıda yeni modul tipli xəstəxananın açılışında cənab Prezident İlham Əliyev bir daha bildirdi ki, Azərbaycan dövləti üçün başlıca məsələ vətəndaşların sağlamlığıdır. Ölkədə koronavirusun yayılmasına qarşı əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilk növbədə vətəndaşların təhlükəsizliyinə xidmət edir. Ölkə başçısının da qeyd etdiyi kimi, əgər vəziyyət mənfi istiqamətə gedərsə, yenidən qərarların sərtləşdirilməsi mümkündür. Buna görə də görülən bütün təxirəalınmaz tədbirlərlə yanaşı hər birimizin üzərinə vətəndaşlıq məsuliyyəti düşür. Hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etsin. Hər kəs belə bir çətin vəziyyətdə qəbul olunan qaydalara, verilən tövsiyələrə ciddi riayət etməli, məsələyə həssas yanaşılmalıdır. Bütün dünyada koronavirus epidemiyasının tüğyan etdiyi indiki məqamda bir şəxsin məsuliyyətsizliyi nəticəsində ətrafdakı onlarla insan virusa yoluxma təhlükəsi ilə üz-üzə qala bilər. Virusdan qorunmağın çıxış yolu, müəyyən zaman ərzində evdə qalmaq, zərurət olmadıqda bayıra çıxmamaqdır, buna görə də pandemiyaya qarşı mübarizədə maksimum fəallıq göstərərək, özünütəcrid kimi çox vacib bir tələbə riayət etməliyik. Son günlər virusa yoluxma sayı sağalma sayından yüksək olaraq qalmaqdadır. Təbii ki belə olduğu təqdirdə yeni qabaqlayıcı addımlar atılması və karantin rejiminin uzadılması və ya sərtləşməsi zəruri hal alır. Mən bütün vətəndaşlara səslənirəm ki, hər kəs Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və qərarlarını ardıcıllıqla yerinə yetirməlidir. Bu səbəbdən də hər bir vətəndaş məsuliyyətlə davranmalı, qaydalara ciddi əməl etməklə həm özünü, həm də yaxınlarını xəstəlikdən qorumalı və ətrafdakıları risk altına qoymamalıdır”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv