Xəbərlər
Naqif Həmzəyev: Ölkə Prezidentinin müəllifi olduğu siyasi dialoq məfkurəsi tarixinin yeni səhifəsini yazır
“Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan çox inkişaf edib, dünya miqyasında güclü və qüdrətli bir ölkə kimi yeni imicini formalaşdırıb. Çoxşaxəli iqtisadi, sosial islahatlarla yanaşı və siyasi islahatların paralel surətdə davam etdirilməsi Azərbaycanın dinamik inkişafına, dünya miqyasında tanınmasıma, nüfuzunun artması mühüm töhfələr verən strateji amillərdəndir”.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat qeyd edib ki, Azərbaycanın dövlət başçısının iradəsi və təşəbbüsü nəticəsində idarəetmədə çeviklik və funksionallığın artırılmasına xidmət edən islahatlar yeni bir mərhələnin – yeni siyasi konfiqurasiyanın formalaşmasına, yeni bir siyasi dövrün başlanmasına zəmin yaradır:
“Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, Azərbaycan Prezidentinin siyasi iradəsi olan dialoq çağırışlarını siyasi partiya və təşkilatlanmaların diqqətinə çatdırılması, altıncı çağırış Milli Məclisin çoxpartiyalı parlament kimi formalaşması, ilk dəfə olaraq parlamentin rəhbərliyində müxalifət nümayəndəsinin təmsil olunması, komitə sədrləri və komitə sədrlərinin müavinlərinin əksəriyyətinin Milli Məclisdə yer alan digər partiyalarının təmsilçiləri arasından seçilməsi Azərbaycan iqtidarının siyasi dialoqa, milli birliyə, həmrəyliyə olan münasibətinin bariz nümunəsidir”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin müəllifi olduğu ümummilli və qlobal çağrışlar, siyasi dialoq məfkurəsi bu günkü mərhələdə Azərbaycan tarixinin yeni səhifəsini yazır: “Siyasi dialoq mühiti müxalif partiyalar üçün milli maraqlarımızı vahid siyasi müstəvidə səmərəli müdafiə edə bilmək üçün bir fürsətdir. Doğrudur, bir çox siyasi partiyalar hakimiyyət tərəfindən irəli sürülən siyasi dialoqu layiqincə dəyərləndirir, qlobal çağrışlar kontekstində Azərbaycan növbəti tarixi mərləhədə daha güclü və nüfuzlu ölkəyə çevriləcəyini görürlər. Təəssüflər olsun ki, vaxtilə hakimiyyətdə olarkən ölkəni dərin böhrana və xaosa sürükləyən, bu gün xalq tərəfindən boykot edilən qüvvələr, onların tör-töküntüləri siyasi dialoqdan imtina edirlər. “Müxalifət” sözünü özlərinin inhisarına çevirənlər hələ də öz çirkin və xəbis əməllərindən əl çəkmirlər. Koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda xarici havadarlarının arxasında gizlənən “beşinci kolon” adlanan qüvvələr, müxalifətin marginallaşan hissəsi reallığı və atılan mütərəqqi addımları görməkdə çətinlik çəkirlər.
BMT-nin Baş Katibinin, ÜST-ün icraçı direktorunun, digər beynəlxalq qurumların Azərbaycanda koronavirusla mübarizəişində dövlətin gördüyü işlərə yüksək qiymət verdikləri halda, xaricdəki anti-Azərbaycan qüvvələr, yerlərdəki trollar öz pozuculuq fəaliyyətləri ilə ölkəmizdə pandemiyaya qarşı aparılan tədbirlərə kölgə salmağa çalışır, məkirli planlarını reallaşdırmağa cəhd edirlər. Gözlərini yalan, iftira, böhtan örtən müxalif qüvvələr hakimiyyətin mütəmadi olaraq dialoqa, birgə müzakirələr aparmağı dəvətindən imtina etmələri onların əsl niyyətlərindən - insanlar arasına çaşqınlıq yaratmağa, ölkədə hərc-mərclik salmağa kökləndiklərindən xəbər verir. Belə qüvvələr, əslində, işi yalnız tənqid etmək, dünyaya, beynəlxalq təşkilatlara yalan, böhtan, iftiralarla dolu məlumatlar ötürməkdir. Çünki onlar müstəqil deyillər, anti Azərbaycan dairələr tərəfindən idarə olunur, təlimatlandırılırlar. Millilikdən uzaq Milli Şuranın buyruq qulları böyüyüb, boya-başa çatdıqları ölkəyə, doğma Vətənlərinə qarşı ən rəzil addımlar atmaqdan çəkinmirlər”.
Deputat qeyd edib ki, dialoqdan imtina edənləri siyasi qüvvə adlandırmaq düzgün olmaz: “Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir”. Bu gün hakimiyyətin təklif etdiyi siyasi dialoqdan imtina milli maraqlardan imtina deməkdir. Ümummilli lider Heydər Əliyev deyirdi: Nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə - Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir. Xarici havadarlarının köləsinə çevrilən Milli Şuranın ideoloqlarını, marginal qruplaşmanı xalq, Vətən, müstəqillik deyil, “ağa”larından alacaqları qrantlar maraqlandırır. Ona görə də belələrinə yeni siyasi konfiqurasiyada yer almaq, xalqla həmrəy olmaq sərf etmir”.