YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqı böyük töhfələr verib

Milli Məclisin deputatı Ağalar Vəliyev

Mayın 9-da alman faşizminin üzərində Qələbənin 75-ci ildönümü tamam olur. İkinci Dünya müharibəsində əldə edilən bu tarixi qələbəyə Azərbaycan xalqı da böyük töhfələr verib. Vətənpərvər xalqımız qələbəni təmin etmək üçün döyüşən orduya yaxından və hərtərəfli kömək göstərib, arxa cəbhədə çalışanlar əsl şücaət və əzmkarlıq nümayiş etdiriblər. Müharibədə iştirak etmiş 600 min azərbaycanılının 300 min nəfəri döyüşlər zamanı həlak olub. Bütövlükdə, müharibədə iştirak edən 176 mindən çox azərbaycanlı döyüşçü orden və medallarla təltif edilib, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 

Respublikamız müstəqillik qazandığı ilk illərdə veteranlara diqqət və qayğı nəinki unudulmuş, hətta bu tarixi günə yad nəzərlərlə baxırdılar. Nə xoş ki, xalqın təkidli tələbi ilə böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Bundan sonra Ulu Öndərin sərəncamı ilə mayın 9-u Qələbə Günü kimi rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməyə, müharibə veteranlarının sosial-məişət şəraitinin, maddi rifahının yaxşılaşdırılmasına başlandı, onların müalicələrinin təşkili istiqamətində əsaslı tədbirlər həyata keçirildi, müvafiq fərman və sərəncamlar imzalandı.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Böyük Vətən müharibəsi iştirakçılarına, müharibədə həlak olanların ailələrinə göstərilən diqqət və qayğı bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında”, “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamları dediklərimizə real nümunədir.
Ölkə rəhbərinin sərəncamı ilə Böyük Vətən müharibəsi veteranlarına, müharibədə həlak olanların və sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik yardım edilməsi, müharibə iştirakçılarına minik maşınlarının verilməsi hər il gündəmdədir. Prezident İlham Əliyevin fərman və sərəncamı bu təbəqədən olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dövlət başçısının xüsusi diqqət və qayğısının növbəti təzahürüdür.
Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli Sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin müharibənin iştirakçılarının - 256 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardımın maliyyələşdirilməsi artıq təmin olunub. 

Sərəncama əsasən, həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən və İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərindən, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərdən, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 7126 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik maddi yardım ödənişi həyata keçirilib.

Birdəfəlik maddi yardım vəsaitləri həmin vətəndaşların pensiya üzrə plastik kart hesablarına köçürülüb. Sərəncamın icrası olaraq ümumilikdə 7382 nəfər üçün birdəfəlik maddi yardımın ödənişi təmin olunub.

Xatırladım kli, İkinci Dünya müharibəsi iştirakçılarına və digər şəxslərə hər il Qələbə günü ərəfəsində verilən birdəfəlik maddi yardımın məbləği mütəmadi artırılır. Bu istiqamətdə növbəti artım kimi, ötən ilki ilə müqayisədə hazırda həmin şəxslər üçün nəzərdə tutulan birdəfəlik yardımın məbləği də 50 faiz artırılıb.

İkinci Dünya müharibəsi əlilləri və iştirakçıları əmək pensiyaları ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə də təmin olunurlar. Onların ehtiyaclarına uyğun olaraq evlərində sosial xidmətlərlə, habelə bərpa-müalicə xidməti, sanator-kurort yollayış və s. ilə təminatı sahəsində də məqsədyönlü işlər görülür. 

Bir sözlə, ölkəmizin hər yerində o qanlı-qadalı illərin ağır və çətin sınaqlarından keçən müharibə və arxa cəbhə veteranlarının vətənpərvərliyi Vətənə xidmət nümunəsi kimi hər zaman yüksək qiymətləndirilir. 1941-1945-ci illər müharibəsində şücaət və qəhrəmanlıqlar göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin mənəvi, hərbi-vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilmişdir.