YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, heyvan sağlamlığı sahəsində xidmətlərin təkmilləşdirilməsi və ölkədə özəl baytarlıq xidməti müəssisələri vasitəsilə baytarlıq xidmətləri göstərilməsinə mərhələli keçidin təşkili məqsədilə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə özəl baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslər və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər (baytarlıq subyektləri) arasında müqavilə bağlanması yolu ilə həyata keçiriləcək.

Nazirlər Kabinetinə iki ay müddətində:

- xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən, dövlət sifarişi ilə göstəriləcək baytarlıq xidmətlərinin siyahısını Kənd Təsərrüfatı Nazirliyinin, Maliyyə Nazirliyinin və Qida Təhlükəsizliyi Agentliyinin təklifləri əsasında təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

- karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə əlaqədar zərər çəkmiş hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi mexanizmini Kənd Təsərrüfatı Nazirliyinin, Maliyyə Nazirliyinin və Qida Təhlükəsizliyi Agentliyinin təklifləri əsasında müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

- sahə baytarlıq məntəqələrinin inzibati binalarının və digər dövlət əmlakının bu Fərmanın 1-ci hissəsinə əsasən müqavilə bağlayan baytarlıq subyektlərinə icarəyə verilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təklifləri əsasında müvafiq tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Kənd Təsərrüfatı Nazirliyinə tabeliyindəki baytarlıq idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi və həmin idarələrin strukturuna daxil olan sahə baytarlıq məntəqələrinin 2022-ci ilin sonunadək mərhələli şəkildə ləğvi ilə bağlı tədbirlər görmək, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərinin vahid qaydada təşkili məqsədilə Aqrar Xidmətlər Agentliyi ilə baytarlıq subyektləri arasında bağlanacaq müqavilənin nümunəsini iki ay müddətində təsdiq etmək, baytarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək məqsədilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (bundan sonra – EKTİS) onların qeydiyyatını və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin elektron qaydada izlənilməsini təmin edən Baytarlıq Xidmətləri Monitorinqi altsisteminin bir il müddətində formalaşdırılmasını təmin etmək tapşırılıb.

Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi baytarlıq xidmətləri sahəsində sağlam rəqabət yaradılmasını təmin etmək məqsədilə baytarlıq subyektlərinin peşəkarlığının və sayının artırılması barədə təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, baytarlıq xidmətlərinin göstərilməsinə dair məlumatların təsərrüfat subyektləri üzrə elektron bazasının yaradılması üçün EKTİS-də həmin təsərrüfat subyektlərinin uçotunu, baytarlıq xidmətlərinin göstərilməsi və heyvan xəstəliklərinə qarşı aparılmış monitorinq, diaqnostika və profilaktika tədbirləri barədə məlumatların sistemə daxil edilməsini təmin etməli, habelə mütəmadi təhlilini həyata keçirməlidirlər. Həmçinin heyvan sağlamlığının qorunması və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflərini mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidirlər.

Maliyyə Nazirliyi isə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 dekabr tarixli 877 nömrəli Fərmanının 1.9.2.1-ci yarımbəndində Aqrar Xidmətlər Agentliyinə sahə baytarlıq məntəqələrinin saxlanması və xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət baytarlıq xidmətləri göstərilməsi üçün nəzərdə tutulmuş vəsaitin qalığının Agentliyin hesabına köçürülməsi ilə bağlı tədbirlər görməli, bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq baytarlıq xidmətləri göstərilməsi ilə əlaqədar maliyyələşmənin həyata keçirilməsi, 3.1-ci bəndi ilə müəyyən edilmiş ləğvolma müddəti başa çatanadək ləğv edilməmiş sahə baytarlıq məntəqələrinin maliyyələşməsi və dövlət sifarişi ilə baytarlıq xidmətləri göstərilməsi məqsədilə tələb olunan vəsaiti növbəti illərdə dövlət büdcəsinin layihəsində nəzərdə tutmalıdır.

Həmçinin yerli icra hakimiyyəti orqanları baytarlıq tədbirlərinin həyata keçirilməsi ilə bağlı baytarlıq subyektlərinə kömək göstərilməsini təmin etməlidirlər.

DİGƏR Xəbərlər Arxiv