Xəbərlər
YAP-ın könüllüləri və ƏƏSMN-nin əməkdaşları tənha və ahıl vətəndaşlara sosial xidməti davam etdirir
Koronavirusa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə ölkəmizdə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və bütün cəmiyyətimizin dövlətimizin başçısının təşəbbüsünə dəstək verməsi xalqın həmrəyliyinin və dövlətinə inamının ifadəsidir.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına əsasən, karantin rejimi ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyasının könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə martın 27-dən tənhalara, ahıl vətəndaşlara yardım paylayır, onlara sosial xidmətlər göstərirlər.
Həmin tarixdən etibarən bu aksiyaya uyğun olaraq Yeni Azərbaycan Partiyasının könüllüləri və ƏƏSMN-nin sosial işçiləri müntəzəm olaraq ahılları ziyarət edir, onları gündəlik lazım olan ərzaq və tibbi vasitələri ilə təmin edirlər. Öz növbəsində tənha, ahıl insanlar göstərilən qayğıya görə, minnətdarlıqlarını ifadə edirlər.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan YAP-ın fəalları və könüllüləri bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir, sosial xidmət göstərirlər.