YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Siz siyasətinizin mərkəzində məhz xalqımızın dayandığını bir daha nümayiş etdirdiniz” – Türkiyədə yaşayan soydaşımız Prezidentə yazır

Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları respublikamızın paytaxtı və bölgələri ilə yanaşı, xaricdə yaşayan soydaşlarımız tərəfindən də ünvanlanır.

Onlardan biri də Türkiyənin Adana şəhərində yaşayan Vüsalə Abdulovadır. O yazır: “Möhtərəm cənab Prezident, mən Türkiyənin Adana şəhərində yaşayıram. Hemofiliya xəstəliyindən və autizm sindromundan əziyyət çəkən 14 yaşlı oğlum Allahverdi Salmanov evdə pilləkənlərdən yıxılmış və aldığı zərbədən beyninə qan sızmışdı. Yaşadığım Adana Şəhər Uşaq Araşdırma Xəstəxanasının reanimasiya şöbəsində ölümlə çarpışan oğlumun yanında bir neçə gün yalnız qaldım. Sizin “Mən bütün dünyadakı azərbaycanlıların Prezidentiyəm” sözünüzü xatırlayan kimi bu yalnızlıq məni tərk etdi. Son dövrlər Sizin tapşırıqlarınıza uyğun olaraq Azərbaycan hökumətinin Türkiyədəki soydaşlarımıza göstərdiyi maddi və mənəvi yardımları yada saldım. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edərkən “Azərbaycan dövləti arxanızdadır” sözlərini eşitdim. Oğlum zəruri dərman preparatları ilə pulsuz təmin olundu. Bu, həm də mənə böyük mənəvi dayaq oldu. Çətin günlərdə özümü yalnız hiss etmədim. Sevimli dövlət başçımız, Siz siyasətinizin mərkəzində məhz xalqımızın dayandığını bir daha nümayiş etdirdiniz. Hazırda oğlumun müalicəsi davam edir. Bu ağır günlərimdə mən hər an Sizi arxamda hiss etdim. Dünya ölkələrinin iflic vəziyyətdə olduğu günlərdə bütün qüvvələri səfərbər edərək ölkəmizi qoruduğunuza, həm də xaricdə yaşayan azərbaycanlılara yardım etdiyinizə görə çox sağ olun. Azərbaycan Sizinlə yenilməzdir. Allah Sizi və ailənizi qorusun!”.