YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentə yazırlar: Bizi bu bəladan qoruduğunuza, sağlamlığımızın və rifahımızın qayğısına qaldığınıza görə Sizə minnətdarıq

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması istiqamətində gördüyü mühüm işlərə görə Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən minnətdarlıq məktubları ünvanlanmaqda davam edir.

Prezidentin saytına istinadla həmin məktubların bir qismini təqdim edirik.

Şamaxı rayonundan olan yeddiqat dünya və Avropa çempionu Rüstəm Musayev yazır: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, biz idmançılar Sizin apardığınız daxili və xarici siyasəti tam dəstəkləmişik və dəstəkləyəcəyik. Sizi dəstəkləməyimizin səbəbi Azərbaycan xalqının xoşbəxt və firavan yaşaması, həmçinin sağlamlığımızın qorunması üçün yorulmadan çalışmağınızdır. Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Sizin tərəfinizdən uğurla davam etdirilməsinin nəticələridir. Bu uğurlu siyasətin davamlı olması üçün Sizin kimi dövlət başçısına çox ehtiyacımız var. Sizin yüksək vətənpərvərliyiniz, xalqımıza bağlılığınız, möhkəm iradəniz, uzaqgörən dövlət xadimi olmağınız, həyata keçirdiyiniz layihələrin və apardığınız islahatların xalqımızın maraqlarına xidmət etməsi bizləri sevindirir və gələcəyə ümidlərimizi daha da artırır. Cənab Prezident, 2018-ci ilin idman sahəsində yekunları ilə bağlı Milli Olimpiya Komitəsində keçirilən hesabat tədbirində Siz mənə Bakı şəhərində 2 otaqlı mənzil hədiyyə etmisiniz. Bu, bizim ailəyə müstəsna kömək olmaqla yanaşı, idmançılara verilən böyük dəyərdir. Siz Azərbaycan kimi böyük bir ailəyə başçılıq edir, bu ailənin heç bir üzvünü unutmursunuz. Bütün dünyanın ağır pandemiya ilə üz-üzə qaldığı, dövlətlərin iqtisadi cəhətdən zəiflədiyi bir vaxtda Sizin Sərəncamınızla əhalinin rifahının daha da yaxşılaşdırılması üçün hazırlanan sosial paketlərdə bütün təbəqədən olan insanların – işsizlərdən tutmuş sahibkarlara qədər hər kəsin payı var. Bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk. Biz idmançılar Sizinlə fəxr edirik və hər zaman yanınızdayıq. Çünki, Sizin dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.

Ucar rayonunun Alpout kəndindən təqaüdçü Əjdər Abbasovun məktubunda deyilir: “Möhtərəm cənab Prezident. Siz həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanındasınız. Sizin ölkəmizi COVID-19 pandemiyasından qorumaq üçün atdığınız addımlar bütün xalq tərəfindən dəstəklənir. Bu çətin günlərdə xalqımıza arxa-dayaq olduğunuz üçün Sizə minnətdarıq. Mən şəkər xəstəsi və 1-ci qrup gözdən əlil, həmçinin təqaüdçüyəm. Sizin qayğınız nəticəsində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hazırlanmış sosial paketlərdən bütün təbəqələrdən olan insanlar kimi, bizim ailəyə də pay düşüb. Evimdə pulsuz dərman və zəruri tibbi ləvazimat ilə təmin olunmuşam. Cənab Prezident, pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə, tənhalara, qocala, pensiyaçılara göstərdiyiniz köməyə görə ağsaqqallar, yaşlı insanlar və təqaüdçülər adından Sizə təşəkkür edirəm. Allahdan Sizə və ailənizə sağlam və uzun ömür diləyirəm.

Kürdəmir rayon Ziyalılar Cəmiyyətinin sədri Sabir Novruzov məktubunda qeyd edir: “Möhtərəm cənab Prezident, bütün dünyada koronovirus pandemiyasının hökm sürdüyü bir zamanda Siz xalqımızı bu bəlanın fəsadlarından uğurla qoruyursunuz. Sizin uğurlu siyasətinizin nəticəsində bu pandemiyanın ölkəmizə təsirləri minimuma endirilib. Möhtərəm cənab Prezident, hər bir vətəndaşınızın, xüsusən də yaşlı insanların sağlamlığını, rifahını düşünərək həyata keçirdiyiniz bu tədbirlər, yorulmaz fəaliyyətiniz hamı kimi, biz ağsaqqallarda da böyük qürur hissi yaradır, Sizin daim xalqımızın yanında olduğunuzu sübut edir. Hazırda respublikamızın bütün ağsaqqalları, yetişməkdə olan gənc nəsil yekdilliklə bu fikirdədirlər ki, Siz ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Azərbaycanın vətənpərvər, mərhəmətli, qətiyyətli və müdrik rəhbərisiniz. Qəbul etdiyiniz hər bir humanist qərarda xalqı düşünürsünüz, daim xalqımızın yanındasınız və həyata keçirdiyiniz siyasətdə, verdiyiniz qərarlarda bu hər zaman özünü göstərir. İnanırıq ki, bu çətin günlərimiz geridə qalacaq. Sizə məsuliyyətli və şərəfli işinizdə yeni uğurlar arzu edirəm. Azərbaycan xalqı Sizinlə güclüdür. Biz Sizə güvənirik və Sizin yanınızdayıq”.

Laçın rayonundan məcburi köçkün Sənani İsgəndərov isə dövlətimizin başçısına minnətdarlığını aşağıdakı sözlərlə ifadə edir: “Hörmətli cənab Prezident, Siz bizləri - şəhid ailələrini, məcburi köçkünləri həmişə hər cür diqqət və qayğı ilə əhatə etmisiniz. İndiki qayğılı günlərdə bu diqqət daha da artıb. Qarabağ müharibəsi əlilləri, aztəminatlı ailələr də dövlətin dəstəyindən yararlanır, maddi yardımlar alırlar. Ailəmiz karantin rejiminin bütün tələblərinə əməl edir, lakin heç nədən korluq çəkmir. Çünki arxamızda Siz və dövlətimiz dayanıb. İnanırıq ki, qəbul etdiyiniz qərarlar xalqımızı qısa müddət ərzində pandemiya bəlasından xilas edəcəkdir”.

Gəncə şəhərindən müəllim Gülnar Hüseynova yazır: “Çox hörmətli cənab Prezident, nə yaxşı ki, Siz bizim ölkəmizin – Ulu Öndərimizin memarı olduğu müasir Azərbaycanımızın rəhbərisiniz. Nə yaxşı ki, bu çətin anlarda bizim arxamızdasınız, güvən yerimizsiniz. Burada bir deyim yada düşür: “Yaxşı ki, dünyada yaxşı var imiş, yoxsa tərk olardıq yaman əlindən”. Çətin anlarda, xalqın ağır günlərində onun yanında olmaq, onun taleyini düşünərək qabaqlayıcı tədbirlər görmək - bütün bunlar Sizə xas olan xüsusiyyətlərdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətində o qədər yaxınlıq, istilik duyulurdu ki, sanki ana qayğısı, bacı mərhəməti, nənə şəfqəti idi. Mən bir sadə vətəndaş, bir müəllim olaraq bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm”.

Mingəçevir şəhərindən Nurcamal Əsgərovanın minnətdarlıq məktubunda bildirilir: “Çox hörmətli Prezident, ölkəmizdə aparılan işlər, görülən tədbirlər bir vətəndaş olaraq bizi qürurlandırır. Biz əminik ki, Azərbaycan xalqının sağlamlığının qorunması sahəsində apardığınız məqsədyönlü tədbirlər tezliklə ölkəmizin koronavirus xəstəliyindən qurtulmasına imkan verəcəkdir. Bu sahədə aparılan işlər Sizin birbaşa rəhbərliyiniz və tapşırıqlarınızla həyata keçirilir. Siz hər bir vətəndaşın sağlamlığını düşünürsünüz. Sizin tapşırıqlarınızla görülən bütün tədbirlər hər bir vətəndaşın sağlamlığının, rifahının təmin olunmasına xidmət edir. Biz bunu yaxşı başa düşürük və bu mübarizədə daim Sizinlə həmrəyik. Cənab Prezident, bu yolda Sizə uğurlar, cansağlığı arzu edirik. Ulu Tanrı Sizi qorusun. Biz hər zaman Sizinləyik”.

Şəki şəhər sakini Sevil İbrahimova yazır: “Hörmətli Prezidentim, Sizin dövlətimiz üçün apardığınız islahatlar, xarici siyasətiniz və xalqımızın rifahı naminə gördüyünüz işlər bizim tərəfimizdən həmişə alqışlanmışdır. Bu gün isə bu çətin vəziyyətdə xalqımızın pandemiyadan qorunması naminə gördüyünüz qabaqlayıcı tədbirlər Sizin nə qədər uzaqgörən və millətini sevən bir rəhbər olduğunuzu bir daha göstərdi. Biz Sizinlə fəxr edirik və qürur duyuruq”.

Şəmkir rayonunun Zəyəm qəsəbəsindən Bahar Hacıyeva: “Hörmətli cənab Prezident, dünyanı cənginə alan COVID-19 pandemiyası, təəssüf ki, Azərbaycandan da yan keçmədi. Sizin uzaqgörənliyiniz sayəsində ölkəmizdə bu virusa qarşı mübarizə çox yüksək səviyyədə təşkil olunmuş, qısa zaman ərzində əhalinin qorunması ön plana çəkilmişdir. Ulu öndər Heydər Əliyevin siyasətini qoruyub saxladığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı Sizi və ailənizi qorusun. Əminik ki, gələcəkdə də bütün addımlarınızı xalqın rifahı naminə atacaqsınız. Sizə sonsuz təşəkkür edirəm. Biz Sizinlə fəxr edirik. Sizə və ailənizə möhkəm cansağlığı arzu edirik”.

Bakı şəhəri Sabunçu rayonunun Zabrat qəsəbəsindən Aysel Əliyeva: “Çox hörmətli Prezidentimiz, Sizə və ailənizə cansağlığı arzu edirəm. Çox sağ olun ki, bu çətin günlərdə bizlərə dəstəyinizi əsirgəmirsiniz. İşə çıxmasaq belə əməkhaqlarının ödənilməsi, səhiyyə işçilərinə böyük dəstəyiniz, tələbələrin təqaüd və təhsil haqlarının ödənilməsi, aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması üçün edilən maddi yardımlara görə bütün gənclər adından Sizə və Mehriban xanıma təşəkkürümü bildirirəm. Çox sağ olun, cənab Prezident. Allah Sizləri, övladlarınızı, gözəl nəvələrinizi qorusun. Mən Sizi çox istəyirəm. Siz çox yaxşı insan və dövlət başçısısınız”.

Lənkəran rayonunun Liman şəhərindən Saleh İsrafilov: “Çox hörmətli cənab Prezident, dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmaması üçün Sizin rəhbərliyinizlə görülən ardıcıl və məqsədyönlü tədbirlər Qarabağ müharibəsi əlili olaraq məni çox sevindirir. Ölkəmizdə və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən bu tədbirlər Sizin uğurlu siyasətinizin mərkəzində insan amilinin, insana və vətəndaşa yüksək qağının dayandığını əyani şəkil sübut edir. Əziz Prezidentimiz, xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin 1990-cı illərdə müstəqilliyimizi, dövlətçiliyimizi, xalqımızı faciələrdən qoruduğu kimi, Siz də bu gün xalqımızı çox böyük bəladan qoruyur, hər bir vətəndaşın sağlamlığının qayğısına qalırsınız. Çox hörmətli Prezidentimiz, inanırıq ki, Sizin və ölkəmizin Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə xalqımız bu bəladan da uğurla çıxacaqdır. Gördüyünüz misilsiz işlərə görə Sizə və Mehriban xanıma minnətdarlığımı bildirirəm. Torpaqlarımızın düşmən işğalından azad edilməsi, ölkəmizin daha da inkişafı yolunda biz - müharibə veteranları daim Sizinləyik. Uca Allah Sizi qorusun!”.

Bakı şəhərinin Nəsimi rayonundan Gülarə Verdiyeva: “Möhtərəm cənab Prezident, hazırda dünyada tüğyan edən koronavirus epidemiyası bütün ölkələr kimi, bizim də iqtisadiyyatımıza, maliyyə sistemimizə öz təsirini göstərib. Lakin Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən tədbirlər həm iqtisadiyyatımızın, həm də maliyyə sistemimizin böhrandan xilas olmasına, eləcə də xalqımızın bu pandemiyadan maksimum qorunmasına gətirib çıxarıb. Nəhəng dövlətlərin virus qarşısında aciz qaldığı, vətəndaşını qoruya bilmədiyi bir zamanda məhz Sizin qabaqlayıcı tədbirləriniz sayəsində bizlər çox arxayınıq və rahatlıqla öz həyatımızı yaşayır, pandemiyadan maksimum şəkildə qorunur, daha az zərər görürük. Dövlətimizin həyata keçirdiyi tədbirlər sayəsində insanlarımızın sağlamlığının qorunması üçün ölkəmizdə münbit şərait yaradılıb. Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bu gün xalqımızın həmrəylik şüarına çevrilib. Hər bir vətəndaşımız Sizin nəcib və nümunəvi addımınza həmrəylik göstərərək, xalq-iqtidar birliyini nümayiş etdirib ölkəmizin bu böyük bəladan qurtulması, eləcə də vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması naminə əlindən gələni əsirgəmir. Möhtərəm cənab Prezident, bizim rahatlığımız və sağlamlığımız üçün verdiyiniz hər bir qərarda vətəndaşlarımızın sosial vəziyyətini düşündüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm”.

Saatlı rayonundan Mirkamal Zeynallı və Rəmayə Zeynallı yazırlar: “Möhtərəm cənab Prezident, yeni növ koronovirus infeksiyasının yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, vaxtında atılan addımlara, insanların sağlamlığını, təhlükəsizliyini, rahatlığını və rifahını hər şeydən üstün tutduğunuza görə Sizə minnətdarıq. Azərbaycan vətəndaşlarına göstərdiyiniz qayğı ilə bunu bir daha nümayiş etdirdiniz. Biz Zeynallılar ailəsi gördüyünüz bütün işlərə, ölkəmiz və xalqımız üçün göstərdiyiniz tarixi xidmətlərə görə Sizə və Birinci xanım Mehriban Əliyevaya sonsuz minnətdarlığımızı bildiririk. Allah Sizləri qorusun, cənab Prezident”.

Xaçmaz rayonunun sakini Şəhriyar Əhməd: “Hörmətli cənab Prezident, bu gün dünya gözlə görünməyən düşmənlə üz-üzədir. Koronavirus pandemiyası demək olar ki, bütün dünyanı əhatə edib və iflic vəziyyətinə salıb. Cənab Prezident, Azərbaycan əhalisini koronavirus təhlükəsindən qorumaq üçün Siz ilk gündən etibarən çevik qərarlar qəbul etdiniz və qabaqlayıcı tədbirlər gördünüz. Sizin çox uzaqgörən, mühüm və düşünülmüş qərarlarınız bizi bu gün faciə ilə üzbəüz qalan və ondan əziyyət çəkən inkişaf etmiş ölkələrin taleyindən xilas etdi. Həmişə olduğu kimi, bu ağır dövrdə də Siz sadə vətəndaşların yanındasınız və öz qayğınızı heç kimdən əsirgəmirsiniz. Biz Sizə inanırıq. Biz əminik ki, koronavirusa qarşı mübarizədə Sizin qəbul etdiyiniz həlledici qərarlar insanlarımıza bu bəladan az itkilərlə qurtulmağa yardım edəcək. Biz buna görə Sizə minnətdarıq. Məsuliyyətli işinizdə Sizə səbir və qüvvət arzulayırıq. Allahdan Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı arzu edirəm. Azərbaycan xalqı daim Sizinlədir. Biz Sizi çox sevirik”.

Daşkəsən rayonunun Qaraqollar kəndinin sakinləri Şəfəq Bayramova və Fəqani Qənbərov yazırlar: “Hörmətli cənab Prezident.

Sizin gördüyünüz bütün işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı Sizin üçün hər şeydən üstündür. Bunu hər bir Azərbaycan vətəndaşı görür və qiymətləndirir. Siz Azərbaycanın milli-mənəvi və tarixi dəyərlərini, ənənələrini yaşatmaqla xalqımızın çoxəsrlik köklərə malik olan xeyriyyəçilik və mərhəmət ənənələrini də təbliğ edirsiniz. Tərəfinizdən koronavirus pandemiyasının qarşısının alınması üçün görülən bütün tədbirləri alqışlayır və dəstəkləyirik. Biz Sizinlə güclüyük”.

Ağdam rayonunun Çəmənli kəndinin sakinləri Cabir Allahverdiyev və Cəmil Hacıyev yazırlar: “Hörmətli cənab Prezident, tapşırığınıza əsasən koronavirus infeksiyasına qarşı tədbirlər çərçivəsində həssas təbəqəyə xüsusi diqqət yetirilməsi bizim heç bir halda tək olmadığımızı göstərir. İndiki şəraitdə bizə sahib çıxdınız, bütün təbəqələrə dəstək verdiniz, hamıya kömək etdiniz. Bu qayğının və qətiyyətli mövqeyinizin sayəsində xalqımız bütün çətinliklərin öhdəsindən uğurla gələcək. Sizin çağırışlarınıza cavab olaraq xalqımız əsrlərboyu yaratdığı gözəl ənənələri bu gün nümayiş etdirir. Həkimlərimiz, polislərimiz səfərbər olub gecə-gündüz çalışır, bütün bölgələrdə hamı birləşib aztəminatlı ailələrə yardım edir. Hər gün aldığımız xəbərlər zəhmətinizin səmərə verəcəyindən, yaxın günlərdə çətinliyin arxada qalxacağından xəbər verir. İstirahət etmədən çalışdığınıza görə Sizə minnətdarlığımızı bildirir, yeni-yeni uğurlar arzulayırıq”.