Xəbərlər
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin ərazisində aztəminatlı ailələrə, tənha və ahıl insanlara ərzaq yardımları çatdırılıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilməkdədir. Bütün cəmiyyətimizin bu tədbirlərə dəstək verməsi xalqımızın həmrəyliyinin və öz dövlətinə inamının ifadəsidir.
Yeni Azərbaycan Partiyasının və 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə aprelin 14-15-də partiyanın könüllüləri və deputat ofisinin nümayəndələri tərəfindən Goranboy, Ağdam və Tərtər rayonlarının müvafiq qəsəbə və kəndlərində bir çox şəhid, əlil, aztəminatlı ailələr, tənha və ahıl insanlar ziyarət olunub.
Yerli ictimaiyyətin nümayəndələrilə birgə Goranboy, Ağdam və Tərtər rayonlarında 410 ailənin hər birinə 18 kq civarında bütün zəruri ərzaq məhsullarından ibarət olan bağlamalar təqdim edilib.
Eyni zamanda, koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri ilə bağlı sakinlərə tövsiyələr verilib və vurğulanıb ki, hazırda bütün dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, bu qorxunc xəstəliyin fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının mühafizə olunması və əhalimizin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlətimiz tərəfindən bütün zəruri tədbirlər görülür. Bü gün bizim hər birimizdən yüksək vətəndaşlıq məsiliyyəti, birlik və həmrəylik nümayiş etdirməklə xüsusi karantin rejiminə və özünütəcrid qaydalarına ciddi şəkildə əməl etmək tələb olunur.
Ziyarət olunan sakinlər bu çətin və ağır günlərdə onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə etmiş və görüşlərdə bu kimi aksiyaların bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi bildirilmişdir.