YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Abdullayeva: Azərbaycan həmişə təhlükəsizlik anlayışının bölünməzliyi mövqeyindən çıxış edib

Ermənistan tərəfinin diqqətinə bir daha çatdırırıq ki, güc tətbiqi və etnik təmizləmə nəticəsində yaranmış hazırkı status-kvo vəziyyəti təhlükəsizlik anlayışı ilə heç cür uyğun gəlmir. Azərbaycanın ərazilərinin işğalı və bu ərazilərdə Ermənistan silahlı qüvvələrinin mövcudluğu ölkəmizin təhlükəsizliyinə əsas təhlükə mənbəyidir.

Bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva işğalçı ölkənin XİN-nin martın 10-da bəyanatla çıxış edərək, Azərbaycanı Ermənistan ilə dövlət sərhədində vəziyyəti gərginləşdirməkdə, regional sülh və təhlükəsizliyə hədə törətməkdə ittiham etməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu açıqlama Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını hərbi işğal edib bu ərazilərdəki azərbaycanlıları qanlı etnik təmizləməyə məruz qoyan işğalçı ölkənin XİN-nin dilindən səslənir. Bu bəyanatlar son həftələr ərzində Azərbaycan-Ermənistan sərhədində ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan sərhədçi əsgərlərimizi məqsədyönlü şəkildə qətlə yetirən Ermənistana aiddir.

Leyla Abdullayeva qeyd edib ki, Azərbaycan hər zaman təhlükəsizlik anlayışının bölünməzliyi və universallığı mövqeyindən çıxış edib. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması, eləcə də bölgənin erməni və azərbaycanlı əhalisinin birgə sülh şəraitində, qanunun aliliyi prinsipinə uyğun yaşaması, birgə təhlükəsizliyin təminatı, bölgənin rifahı naminə etimadın və yaxınlaşmanın yaranmasını müəyyən edən şərtlərdir.

XİN rəsmisi əlavə edib ki, Ermənistan tərəfi mövcud reallığı düzgün dərk etməli və beynəlxalq ictimaiyyətin, o cümlədən BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinin Azərbaycanın işğal olunmuş ərazilərinin tam, dərhal və qeyd-şərtsiz boşaldılması, yerli azərbaycanlıların öz evlərinə geri qayıtmasının təmin olunması tələblərini yerinə yetirməlidir. Azərbaycanın ədaləti və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa edəcəyinə heç kəsin şübhəsi olmasın.