Xəbərlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev Mərkəzində tanınmış fransız rəssamı və heykəltəraşı Lorens Cenkellin fərdi sərgisi ilə tanış olmuşdur
Mayın 6-da Heydər Əliyev Mərkəzində tanınmış fransız rəssamı və heykəltəraşı Lorens Cenkellin fərdi sərgisi açılmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərgi ilə tanış olmuşlar.
Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzdə iki layihənin təqdimatının keçirildiyini bildirmişdir.
Diqqətə çatdırmışdır ki, artıq uzun illərdir dostluq münasibətimizin olduğu, Azərbaycan incəsənətinin xaricdə təbliği sahəsində ölkəmizin səfirinə çevrilmiş, tanınmış heykəltəraş Lorens Cenkellin təqdim edilən fərdi sərgisində qeyri-adiliyi ilə fərqlənən və müxtəlif dövlətlərin bayraqlarını özündə təcəssüm etdirən heykəllər nümayiş olunur.
Mərkəzin direktoru Anar Ələkbərov fransız rəssamı və heykəltəraşı Lorens Cenkellə və sərginin kuratoruna dərin təşəkkürünü bildirmiş, bir neçə ay davam edəcək bu sərginin paytaxtımızın sakinləri və şəhərimizin qonaqları üçün çox maraqlı olacağını demişdir.
Diqqətə çatdırmışdır ki, Mərkəzdə, həmçinin Heydər Əliyev Fondunun və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsi olan “Qız Qalası” V Beynəlxalq incəsənət festivalının təqdimat mərasimi keçirilir. Artıq ənənəyə çevrilmiş festivalda bu il 26 ölkədən 28 rəssam təmsil olunur. Festival çərçivəsində xüsusi təqdimatlar olacaq və mayın 9-da bağlanış mərasimi keçiriləcəkdir.
Mərasimdə çıxış edən Lorens Cenkell Bakıda olmağından və burada qarşılaşdığı qonaqpərvərlikdən çox məmnun qaldığını bildirmişdir. Paytaxtımıza artıq ikinci dəfə gəldiyini deyən qonaq Azərbaycanın incəsənət baxımından çox maraqlı ölkə olduğunu və respublikamıza səfərlərinin davamlı olacağına ümid etdiyini bildirmişdir.
Sərgidə nümayiş olunan əsərləri haqqında məlumat verən Lorens Cenkell diqqətə çatdırmışdır ki, konfet heykəllər yeganə sənət nümunəsidir ki, bütün duyğu orqanlarını – görmə, kağız xışıltısını təsəvvür etməklə eşitmə, dad, qoxu - hərəkətə gətirir. Müəllifin fikrincə, şirniyyat özlüyündə ümumbəşəriliyi, fərdi keçmişi və ortaq yaddaşı birləşdirir. Onun bu yanaşması yaradıcılığında müxtəlif ölkələrin bayraqlarının konfet heykəllərinin yaranmasına səbəb olmuşdur.
Qeyd etmişdir ki, hamının istifadə etdiyi konfet özlüyündə müsbət enerji daşıyır. Onları hazırlayarkən sevinirəm və ümid edirəm ki, bu sərgini seyr edənlər də eyni hissləri keçirəcəklər.
Lorens Cenkell fərdi sərgisinin möhtəşəm Heydər Əliyev Mərkəzində keçirilməsindən qürur duyduğunu vurğulamışdır.
Qonaq xatırlamışdır ki, hələ Kannda Azərbaycan incəsənət xadimlərinin əsərləri təqdim edilərkən bu ecazkar ölkənin incəsənətinin çox zəngin və qədim olduğunu anlamışdır.
Sonra mərasim iştirakçıları sərgi ilə tanış olmuşlar. Əvvəlcə “Qız qalası” festivalında yer alan əsərlərə tamaşa edən qonaqlar daha sonra Lorens Cenkellin əsərlərinə baxmışlar.
Heydər Əliyev Mərkəzinin parkında nümayiş edilən sərgidə müxtəlif ölkələrin bayraqlarının qeyri-adi formada - konfet şəklində heykəlləri təqdim olunur.
Müəllifin Bakıda açılmış ilk fərdi sərgisində, ümumilikdə, 27 əsər təqdim edilmişdir.
Sərgidə Azərbaycan bayrağının da heykəli nümayiş olunmuşdur.
Ziyarətçilər Almaniya, ABŞ, Argentina, Böyük Britaniya, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə, İsveçrə, Fransa, Macarıstan, Kanada, Səudiyyə Ərəbistanı, Koreya Respublikası, Hindistan, İtaliya, Yaponiya, Ukrayna, Polşa, Niderland, Estoniya, Latviya, Cənubi Afrika Respublikası, Çin və Avropa İttifaqının bayraqlarını fərqli formada görmüşlər.
Müxtəlif ölkələrin bayraqlarının heykəllərinin sərgisi ilk dəfə 2011-ci ildə Kannda “Böyük iyirmilik” ölkələrinin (G20) sammitində təşkil olunmuşdur. Həmin vaxt Lorens Cenkell zirvə toplantısı üçün “Böyük iyirmiliyə” üzv və 5 qonaq ölkənin bayrağının heykəllərini hazırlamışdı.
Lorens Cenkell 1965-ci ildə anadan olmuşdur.
Hazırda Fransanın Alp-Maritim bölgəsindəki Valloris şəhərciyində yaşayır və fəaliyyət göstərir.
Sənətin sirlərinə müstəqil şəkildə yiyələnən müəllifin müxtəlif vasitələrlə eksperimentləri, yaradıcılıq axtarışları uğurla nəticələnmişdir. Pleksiqlasdan istifadə etməklə “bükmə” texnikasına yiyələnmə Lorens Cenkellə hazırda dünyada məşhur olan konfet formasında heykəlləri yaratmağa imkan vermişdir.
Əsasən, pleksiqlasla işləyən heykəltəraşın alüminium, bürünc, mərmər və digər materiallardan da əsərləri vardır.
Rəssam-heykəltəraşın dünyanın 25-dən çox ölkəsində nümayiş olunan əsərləri, bir sıra qalereya və şəxsi kolleksiyalarda saxlanılır.
Lorens Cenkellin əsərləri Paris, Monako, Nyu-York, Honq-Konq, London, Seul, Dubay, Bratislava və digər şəhərlərdə sərgilənmişdir.
Sərgi oktyabrın 31-dək davam edəcəkdir.