Xəbərlər
Londonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Azərbaycanın Böyük Britaniyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, eləcə də səfirliyin nəzdindəki hərbi attaşe aparatının əməkdaşları, diaspor təşkilatlarının, ictimaiyyətin nümayəndələri, Özbəkistan, Gürcüstan Qaitinin bu ölkədəki səfirləri və bir sıra səfirliklərin təmsilçiləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Ulu Öndərin səfirliyin binasındakı büstünün önünə əkil qoyublar.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb.
Səfir müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri Heydər Əliyevin ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib. Bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi və ictimai fəaliyyəti, istər Sovet İttifaqı, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi müddətdə ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində faydalı olub.
Diplomat diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtda Azərbaycan ərazi bütövlüyü, iqtisadi, sosial və siyasi mövqeyi nöqteyi-nəzərdən ağır vəziyyətdə idi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmiz öz daxili problemlərini, təhlükəsizlik məsələlərini həll etdi, beynəlxalq arenada özünün layiqli yerini tutdu. Qeyd edilib ki, Azərbaycan başqa ölkələrin təhlükəsizlik məsələlərinin həllində, beynəlxalq sülh və əmin-amanlığın təmin olunmasında böyük rol oynayır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış və “Əsrin müqaviləsi” adını almış sənəd Azərbaycan tarixinin şanlı səhifəsidir. Azərbaycan regionda lider ölkəyə çevrilib. Dahi rəhbərin bizə qoyduğu ən böyük miras beynəlxalq müstəvidə öz layiqli yerini tutmuş müasir Azərbaycan dövlətidir.
Səfir vurğulayıb ki, bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birləşmiş Krallıq ilə Azərbaycan arasındakı münasibətlərin əsasının qoyulması da Ulu Öndərin adı ilə bağlıdır.
T.Tağızadə Ümummilli Liderin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayıb.
London Diplomatiya Akademiyasının professoru Nabil Ayad dahi şəxsiyyətin xatirəsinin əziz tutulduğunu, ümummilli lider Heydər Əliyevin heç vaxt yaddaşlardan silinməyəcək xarizmatik lider olduğunu bildirib. Azərbaycanın müasir dövrdəki inkişafına toxunan professor bu sürətli inkişaf və tərəqqinin məhz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan professor məsələnin həll edilməsi üçün ilk addımların ulu öndər Heydər Əliyev tərəfindən atıldığını bildirib.
Xocalı faciəsindən bəhs edən N.Ayad münaqişənin həlli, ədalətin bərpa edilməsi ilə Ulu Öndərin xatirəsinə ən böyük hörmətin göstəriləcəyini vurğulayıb.
Tədbirdə ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən kitab və jurnallar, videoçarx və fotosərgi nümayiş etdirilib.