Xəbərlər
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir
5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Kampaniya çərçivəsində növbəti görüşlər Şahbuz rayonunun Badamlı qəsəbəsində, Şahbuzkənd, Külüs, Keçili, Kiçikoba, Türkeş və Badamlı kəndlərində keçirilib. Bununla yanaşı, Siyavuş Novruzov Ermənistanla həmsərhəd olan, 22 ailənin məskunlaşdığı Şada kəndinin sakinləri, eləcə də kənddə yerləşən N saylı hərbi hissənin əsgərləri ilə görüşüb, hərbi hissədəki şəraitlə tanış olub.
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov görüşlər zamanı qeyd edib ki, ölkəmiz Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib, bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib: “Yeni zirvələr fəth edən Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib. Xalqımız Azərbaycanın son 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda tərəqqisini, dayanıqlı və dinamik inkişafın bütün sahələri əhatə etməsini çox yüksək qiymətləndirir. Azərbaycan vətəndaşları ölkəmizin inkişafının, sabitliyin davam etməsini istəyir, iqtidarın həyata keçirdiyi siyasətə mütləq inam ifadə edirlər. Ona görə də əminliklə söyləmək olar ki, seçicilər parlament seçkilərində Yeni Azərbaycan Partiyasına növbəti dəfə böyük etimad göstərəcəklər, partiyamiz bir daha parlaq qələbə qazanacaq”.
Deputatlığa namizəd Siyavuş Novruzov Prezident İlham Əliyevin muxtar respublikanın inkişafına böyük önəm verməsini diqqətə çatdıraraq deyib: “Naxçıvan Muxtar Respublikası ötən müddət ərzində tərəqqi yolunda addımlayaraq çox boyük uğurlar qazanıb. Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə görülmüş işlər muxtar respublika iqtisadiyyatının inkişafını, insanların rifahının daha yaxşılaşmasını, cəmiyyət həyatının bütün sahələrində çox əhəmiyyətli nailiyyətlərin əldə olunmasını şərtləndirib. Şahbuz rayonunda və onun bütün kəndlərində aparılmış genişmiqyaslı abadlıq-quruculuq işləri, yaradılmış yüksək təminat sakinlərin rifahı, firavan və xoşbəxt həyatı üçündür”.
Siyavuş Novruzov zəngin və şərəfli inkişaf yoluna malik olan YAP-ın ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə etməsinin təsadüfi xarakter daşımadığını, partiyanın milli maraqlara xidmət edən çoxşaxəli və səmərəli fəaliyyəti ilə Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirdiyini diqqətə çatdırıb: “Partiyamız Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında, Prezident İlham Əliyevin Sədrliyi ilə öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir, qatıldığı bütün seçkilərdə əzmkar qələbələr qazanır. Bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil”,-deyən deputatlığa namizəd Siyavuş Novruzov seçiciləri fevralın 9-da parlament seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Görüşlərdə çıxış edən seçicilər isə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əhəmiyyətindən bəhs ediblər, vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmalarının təqdirəlayiq olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycanın hər bir bölgəsi kimi Naxçıvan Muxtar Respublikası da uğurla inkişaf edir, sakinlərin rifahı gündən-günə daha da yaxşılaşır. Bildirilib ki, muxtar respublikanın bütün rayonlarında, o cümlədən Şahbuz rayonunda əhalinin həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edən ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi böyük məmnunluq hissi ilə qarşılanır. “Bütün bu reallıqların fonunda seçimimiz birmənalı olaraq cənab Prezidentimizin Sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədləridir”,-deyə seçicilər tərəfindən vurğulanıb.
Görüş zamanı sakinlərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.