Xəbərlər
XİN: Paşinyanın Dağlıq Qarabağa səfəri işğal olunmuş ərazilərimizdə nəzarəti Ermənistanın həyata keçirdiyinin növbəti göstəricisidir
Ermənistanın baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gedərək orada qanunsuz rejimin qondarma nümayəndələri ilə görüşməsi, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində işğalçı Ermənistan qüvvələrinə baş çəkməsi torpaqlarımızın hərbi işğalına məhz Ermənistanın məsuliyyət daşıdığının və işğal olunmuş ərazilərimizdə nəzarəti Ermənistanın həyata keçirdiyinin növbəti bariz göstəricisidir.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi və orada qondarma rejimin nümayəndələri ilə görüşlər keçirməsini şərh edərkən bildirib.
Leyla Abdullayeva deyib: “Bir müddət əvvəl Ermənistanın guya ki, Dağlıq Qarabağ yerinə qərar qəbul edə bilməyəcəyini iddia edən baş nazir Paşinyan atdığı bu addımları ilə münaqişənin həlli üzrə aparılan danışıqların birbaşa iştirakçısının elə Ermənistan olduğunu təsdiqləmiş oldu. Demək ki, oğlu Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçən, işğal altındakı ərazilərimizdəki Ermənistan silahlı qüvvələrinə baş çəkib mövcud vəziyyətlə tanış olan, qondarma rejimin nümayəndələri ilə görüşlər keçirib planlar quran N.Paşinyan bəhanələri bir kənara qoyaraq, danışıqlar masasında birbaşa iştirakçı kimi qərar qəbulunda iştirak etməlidir”.