Xəbərlər
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
Belarus parlamentinin Nümayəndələr Palatasına (aşağı palata) keçirilən seçkiləri Milli Məclisin deputatı Sahibə Qafarova da izləyib. Avropa Şurası Parlament Assambleyasının müşahidəçi qrupunun tərkibində seçkiləri müşahidə edən millət vəkili prosesin açıq və şəffaf keçirildiyini bildirib. O, müşahidə apardığı məntəqələrdə səsvermə prosesinin tam normal keçdiyini, hər hansı ciddi qanun pozuntusu qeydə alınmadığını vurğulayıb. “Paytaxt Minskdə 20 məntəqədə seçkiləri izləmişəm. Həmin məntəqələrdə seçici fəallığı var idi”, - deyən deputat bildirib ki, AŞPA-nın ümumilikdə 20 müşahidəçisi Belarusda parlament seçkilərini müşahidə edib.
Qeyd edək ki, Belarus parlamentinin aşağı palatasında 110 yerə 520 namizəd qeydə alınıb. Belarusda seçicilərin sayı 6,8 milyon nəfərdir, ölkə hüdudlarından kənarda isə 3,6 min seçici var. Mindən artıq beynəlxalq müşahidəçi səsvermənin gedişini izləyib. Ən böyük müşahidəçi qrupu MDB-ni və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edib. Seçkilərin gedişini, həmçinin 28 min yerli müşahidəçi izləyib.
Xarici müşahidəçilər arasında Azərbaycan Milli Məclisinin deputatları Xanlar Fətiyev, Sahibə Qafarova və Tahir Mirkişili də olub.
Xatırladaq ki, Belarus parlamentinin Nümayəndələr Palatasına seçkilərdə beş gün ərzində 35,8 faiz seçici vaxtından əvvəl səs verib. Növbədənkənar səsvermə noyabrın 12-də başlayıb və noyabrın 16-da başa çatıb. MSK-nın məlumatına görə, ən yüksək seçici fəallığı Qomel və Mogilyov vilayətlərində (müvafiq olaraq 39,41 faiz və 39,11 faiz), ən aşağı fəallıq isə Minskdə (28,56 faiz) qeydə alınıb.
Belarusda parlament seçkiləri seçicilərin yarıdan çoxu iştirak etdikdə baş tutmuş sayılır. Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, seçicilərin 70 faizdən çoxu səsvermədə iştirak edib.