Xəbərlər
Siyavuş Novruzov: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı və təhlükəsizliyi daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən Naxçıvanın inkişafı, təhlükəsizliyinin təminatı ilə bağlı mühüm məsələlərə toxundu: “Cənab Prezident qeyd etdi ki, “Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik”. Prezident İlham Əliyev, həmçinin Naxçıvanın ixrac potensialının gücləndirilməsi, bərpaolunan enerji gücünün artırılması və ordu quruculuğu ilə bağlı vacib məqamlara toxundu. Hesab edirəm ki, bütün bunlar Naxçıvanın gələcək inkişafında mühüm rol oynayacaq”.
Deputat vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib:
"Muxtar respublikada quruculuq və abadlıq işləri geniş vüsət alıb. Yeni parklar salınır, inzibati binalar, o cümlədən, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları, idman obyektləri, icra nümayəndəlikləri və bələdiyyə binaları, ən modern üslübda lakin milli və yerli memarlıq xüsusiyyətləri nəzərə alınmaqla yüksək sürətlə və zövqlə inşa edilib vətəndaşların ixtiyarına verilir. Bütün obyektlər müasir komunikasiya, o cümlədən, yüksək sürətli internetlə tam təmin edilib.
Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Naxçıvanda əsas prioritet sahələrdəndir. Ekspertlər bu sahələr arasında kənd təsərrüfatının əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, muxtar respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır. Müasir dövrdə ən aktual problemlərdən biri kəndlərdən şəhərlərə köçməyin kütləvi hal almasıdır. Naxçıvanda isə belə bir problem yoxdur. Kəndlərdə ticarət və xidmət obyektləri daxil olmaqla hər cür zəruri infrastrukturun yer aldığı nümunəvi kənd mərkəzləri yaradılıb. Habelə, kəndlərdə yaşayan əhalinin məşğulluğu təmin edilib. İnsanların kənd təsərrüfatı ilə məşğul olmaları, bol məhsul əldə etmələri üçün şərait yaradılıb. Yaşayış məntəqələrində müasir infrastrukturun qurulması, ölkəmizdəki ən keyfiyyətli yolların çəkilməsi, qazın, işığın davamlı verilməsi, bütün kəndlərin telefonlaşdırılması, kənddə şəhər rahatlığının ən yüksək səviyyədə təmin olunması insanların torpağa bağlılığını daha da artırıb, kənd təsərrüfatının inkişafını təmin edib".
S.Novruzov əlavə edib ki, muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkanlar yaradıb, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırıb: "Naxçıvanda həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlib. Belə ki, ötən il ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 13 milyon 790 min 800 manat təşkil edib.
Muxtar Respublikada aparılan quruculuq-abadlıq, muzeylər, çoxəsrlik tarixi abidələr, inkişaf etmiş infrastruktura,otellər şəbəkəsi və cinayətkarlığın olduqca aşağı səviyəsi bölgəni həm də turizm üçün çox cəlbedici bir məkana çevirmişdir. Belə ki, təkcə ötən il Naxçıvana yarım milyona yaxın turist səyahət edib”.