Xəbərlər
Elman Nəsirov: Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü böyük önəm kəsb edir
“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar 650 min ağac əkilməsi təşəbbüsü böyük önəm kəsb edir. Bunun həm də mənəvi və əxlaqi dəyərləri böyükdür. Bu, bir tərəfdən Nəsimi irsinin araşdırılması, digər tərəfdən floranın zənginləşməsi baxımından son dərəcə mühüm əhəmiyyətə malikdir. Onun mənəvi dəyəri dədə-babalarımızdan bizə miras qalan əməllərin nəsildən-nəslə ötürülməsidir. Çünki ağac əkmək, böyütmək xeyirxah və savab əməldir. Hər bir insan ən azı bir ağac əkməlidir”. Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqdə bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaradıb. Prezident İlham Əliyev İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinin qeyd edilməsi ilə əlaqədar Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə bu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Bu sərəncamlar çərçivəsində Azərbaycanda və xaricdə Nəsimi irsinin təbliği, onun bəşəri ideyalarının dünyaya çatdırılması istiqamətində mühüm işlər görülür. Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şairin yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü təqdirəlayiqdir. Dahi şairin yubileyi münasibətilə ağac əkmək onun xatirəsinin əbədiləşdirilməsinə böyük ehtiramdır. Nəsimi əsərlərində xeyirxah və nəcib əməllərin daşıyıcısı olan insanı ilahiləşdirərək onu yaradanla bir tuturdu.
Elman Nəsirov qeyd edib ki, İmadəddin Nəsiminin dünya səviyyəsində tanıdılması istiqamətində ilk addımı ulu öndər Heydər Əliyev atıb. Ümummilli Liderin təşəbbüsü ilə şairin irsinin ölkəmizdə sistemli şəkildə tədqiqi və təbliği onun anadan olmasının 600 illiyinin keçirildiyi vaxta təsadüf edib. 1973-cü ildə böyük söz ustasının 600 illik yubileyi UNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib və beynəlxalq miqyasda qeyd olunub. Həmin dövrdən etibarən Nəsimi yaradıcılığı ilə bağlı çox sayda araşdırmalar aparılıb.
Azərbaycanı ekoloji cəhətdən təmiz və yaşıl görmək istəyən Heydər Əliyev deyirdi: “Kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir...İnsan qurmalıdır, yaratmalıdır...hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir”. Deputat ağac əkməyin digər bir rəmzi mənasının da insanların eyni gündə bir yerə toplaşmaları, savab iş görmələri olduğunu deyib. O əlavə edib ki, əkilən hər ağac bir tərəfdən estetik gözəllik, digər tərəfdən təmiz hava deməkdir.