Xəbərlər
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK) Mübariz Qurbanlı noyabrın 15-də Dünya dini liderlərinin II Bakı sammitində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Fələstin Prezidentinin dini işlər və İslam münasibətləri üzrə müşaviri Mahmud Sudqi Əl-Həbbəş ilə görüşüb.
DQİDK-dan verilən məlumata görə, görüş zamanı Azərbaycanın dövlət-din modeli, müxtəlif dini icmaların dostluq və mehribanlıq şəraitində birgə yaşaması, cəmiyyətimizin tolerantlıq və multikulturalizm ənənələrinin bir nümunə olması barədə danışan Mübariz Qurbanlı qeyd edib ki, bu ənənələri daha da gücləndirmək üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl siyasət həyata keçirilir, dini icmaların inkişafı üçün onlara maddi yardımlar edilir. Azərbaycanda etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm və tolerantlıq sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi ənənənin daha da möhkəmlənməsinə yol açıb. Son illər Azərbaycan mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı təsiri məkanına çevrilib. Mübariz Qurbanlı deyib ki, Dünya dini liderlərinin II Bakı sammiti dünya ölkələrinin Azərbaycandakı tolerant mühitə olan münasibətinin real ifadəsidir.
Dini radikalizmə qarşı mübarizə tədbirlərindən də söz açan DQİDK sədri diqqətə çatdırıb ki, din adı altında fəaliyyət göstərən radikal dini qruplaşmalar bütün cəmiyyətlər üçün təhlükəlidir. Bu istiqamətdə əhəmiyyətli işlər görüldüyünü bildirən komitə sədri dünyada sülhün bərqərar olması və sabitliyin təmin olunmasının, dialoq və əməkdaşlıq mühitinin yaradılmasının vacibliyini və buna nail olmaq üçün ölkələr arasında qarşılıqlı anlaşma və təcrübə mübadiləsinin aparılmasının zəruriliyini vurğulayıb.
Fələstin Prezidentinin dini işlər və İslam münasibətləri üzrə müşaviri Mahmud Sudqi Əl-Həbbəş ölkəmizə ilk dəfə səfər etdiyini və paytaxtımızın çox gözəl şəhər olduğunu deyib. Müşavir bildirib ki, Azərbaycan xalqının zəngin multikulturalizm təcrübəsi, nümunəvi tolerant keyfiyyətlərə sahib olması beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir. İki ölkə arasındakı mövcud əlaqələrin gələcəkdə də möhkəmlənməsi və davam etməsində maraqlı olduğunu ifadə edən M.S.Əl-Həbbaş qeyd edib ki, Fələstində əhalinin dini maarifləndirilməsinə böyük diqqət yetirilir, dinin düzgün təbliği, insanların dini radikalizmə meyil etmələrinin qarşısının alınması üçün maarifləndirmə işləri aparılır. O, bunun həm də cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi baxımından çox böyük əhəmiyyət kəsb etdiyini dilə gətirib.
Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərimin də iştirak etdiyi görüşdə iki dövlətin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin qurulması və gələcəkdə genişləndirməsi barədə fikir mübadiləsi aparılıb.
Sonda qonaqlara DQİDK tərəfindən ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ərəb dilində nəşr olunmuş kitablar təqdim edilib.