Xəbərlər
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
“2020-ci ilin dövlət büdcəsi müstəqillik tariximizin ən böyük büdcəsidir. Bu o deməkdir ki, büdcəmizin gəlir və xərc hissəsi artan templə yüksəlir”. Bu fikirləri Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.
M.Abbaszadə bildirib ki, büdcədə baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir. Onun sözlərinə görə, 2019-cu ilin ötən dövründə makoiqtisadi sabitlik qorunub saxlanılıb, ÜDM-də artım müşahidə edilib, strateji valyuta ehtiyatları 48 milyard dollar səviyyəsində olub, büdcədə qeyri-neft sektorundan gələn gəlirlər də artır.
“Bütün bunlar deməyə əsas verir ki, 2020-ci ildə də iqtisadi göstəricilər artmaqda davam edəcək. Belə ki, gələn il də makroiqtisadi sabitlik davam edəcək, ÜDM-də 3 faiz, qeyri-neft sektorunda 3.8 faiz artım proqnozlaşdırılır. Eləcə də, strateji valyuta ehtiyatları artacaq. Proqnozlaşdırılır ki, gələn il strateji valyute ehtiyatlarımız ÜDM-yə bərabər səviyyədə olacaq. Həmçinin gələn ilin dövlət büdcəsində səhiyyə üçün bir milyard manata yaxın artım nəzərəd tutulur ki, bu da icbari tibbi sığortanın ölkə miqyasında tətbiq olunmasına imkan verəcək. Eləcə də, büdcəyə 966 milyon proqnozlaşdırılan artım qeyri-neft sektorunun hesabına baş verəcək. Dövlət Neft Fondundan büdcəyə transfertlərin azalması fonunda bu artımın baş verməsi qeyri-neft sektorunun inkişafının nəticəsidir. Dövlət başçısının həyata keçirdiyi islahatlar nəticəsində iqtisadiyyatda, o cümlədən vergi və gömrük sistemində şəffaflıq artır ki, bu da qeyri-neft sektorunun inkişafına əhəmiyyətli dərəcədə təsir edir”-deyə, M.Abbaszadə vurğulayıb.