Xəbərlər
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
“Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verməklə yanaşı bu mötəbər tədbirdə səsləndirilən bir çox bəyanatlar, fikirlər bəşəriyyətin gələcəyi üçün də çox əhəmiyyətlidir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, insan hüquqlarının qorunması, bərabərlik, sülh, əminamanlıq, terrorizmə, separatçılığa qarşı mübarizə şüarı altında keçirilən bu sammit göstərir ki, dünyada baş alıb gedən qarşıdurmalar, müharibələr, insan tələfatları nəinki siyasətçiləri, eləcə də din xadimlərini ciddi narahat edir. Onun sözlərinə görə, 60-dan çox dövləti təmsil edən sammitdə BMT-nin, İƏT-in, UNESKO-nun və bir çox beynəlxalq təşkilatların nümayəndələrinin, ictimai-siyasi xadimlərin iştirak etməsi onun təsir dairəsini artırır və Azərbaycanın ən mötəbər tədbirləri keçirməyə qadir olduğu nümayiş etdirir.
“Dövlətimiz tarixən milli, dini, mədəni mənsubiyyətə malik olan insanların qarşılıqlı hörmət və etimad əsasında qovuşmasına, yaşamasına, əminamanlığına üstünlük verib, dinlər və millətlər arasında ayrı seçkiliyə qarşı olub, bəşəri dəyərləri ön plana çəkib. Tolerantlıq, multikulturalizm, dinlərə və millətlərə hörmət, sülhə çağırış Azərbaycanın dövlət siyasətinin əsaslarından birini təşkil edir. Bu cəhətlər Dünya dini liderlərinin II Sammitində də özünü aydın göstərdi”-deyə, deputat qeyd edib.