Gündəm
Prezident İlham Əliyev: Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir
“Mən şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən səsləndirib.
Prezident İlham Əliyev daha sonra qeyd edib ki, şəhərin ekoloji vəziyyəti yaxşılaşır, bir çox önəmli layihələr icra edilmişdir. Əvvəlki illərdə şəhərin havasını çirkləndirən mənbələr aradan götürüldü. Onların arasında, ilk növbədə, keçmiş Balaxanı zibilxanasını qeyd etməliyəm. Bu zibilxana elə bir tüstü buraxırdı ki, havanın keyfiyyəti böyük dərəcədə aşağı düşmüşdü və insan sağlamlığına böyük zərər verirdi. İndi keçmiş Balaxanı zibilxanasının yerində müasir poliqon qurulub və zibilin çeşidlənməsi, bərk məişət tullantılarının yandırılması istiqamətində böyük addımlar atılıb, böyük investisiyalar qoyulub, zibilyandırma zavodu inşa edilibdir. Biz bu ekoloji fəlakət mənbəyini aradan götürdük.