Xəbərlər
Sinqapurun dövlət katibi: Azərbaycan ilə ikitərəfli iqtisadi-ticari əməkdaşlığımız müsbət məcrada inkişaf edir
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Sinqapurun Müdafiə və Xarici İşlər üzrə Baş dövlət katibi Mohamad Maliki Bin Osman ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə həmsöhbətlər iki ölkə arasında mövcud olan siyasi və iqtisadi əməkdaşlıq münasibətlərinin qarşılıqlı faydalı şəkildə inkişaf etdiyindən məmnunluq ifadə ediblər. Azərbaycan ilə Sinqapur arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə toxunan tərəflər, qarşılıqlı faydalı əməkdaşlığın açdığı bütün bu imkanlardan daha səmərəli şəkildə istifadə edilməsi üçün beynəlxalq təşkilatlar və forumlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Sinqapurla Azərbaycan arasında ikitərəfli iqtisadi-ticari əməkdaşlığın müsbət məcrada inkişaf etdiyini qeyd edən Dövlət katibi, Sinqapur və Azərbaycan şirkətləri arasında sıx əməkdaşlıq münasibətlərinin mövcud olmasını məmnunluqla dilə gətirib və ölkələr arasında mövcud olan perspektivlərdən faydalanmağın, bu xüsusda İKT və s. sahələrdə təcrübələrin bölüşdürülməsinin əhəmiyyətini vurğulayıb.
Öz növbəsində nazir Elmar Məmmədyarov Sinqapurun Azərbaycan üçün əsas tərəfdaşlardan olduğunu məmnuniyyətlə qeyd edib, ikitərəfli əməkdaşlığa əlavə təkan verilməsi üçün müqavilə-hüquq bazasının daha da inkişaf etdirilməsinin vacibliyini bildirib.
Sonra Sinqapur rəsmisi Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə dair əminliyini ifadə edib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.