YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının oktyabr ayının 19-da Bakı şəhərində icazəsiz yürüş və antikonstitusion çağırışlarla əlaqədar bəyanatı

Oktyabr ayının 19-da bəzi destruktiv qruplar Bakı şəhərində razılaşdırılmamış küçə yürüşləri keçirməyə və asayişi kobud şəkildə pozmağa cəhd göstərmişdir. Hüquq-mühafizə orqanları tərəfindən bir neçə yüz nəfərin iştirak etdiyi qanunsuz yürüşün qarşısı alınmışdır.

Ölkə daxilindəki destruktiv qruplar və xaricdə sığınacaq tapmış anti-azərbaycan elementləri küçə yürüşünə cəhd zamanı və yürüşün qarşısı alındıqdan sonra sosial şəbəkələrdən istifadə edərək konstitusiyaya zidd çağırışlar etmiş, Azərbaycanın qanunlarını kobud surətdə pozmaq hallarına yol vermişlər.

Yeni Azərbaycan Partiyası həm razılaşdırılmamış küçə yürüşlərinə cəhd göstərilməsini, həm də qanuni hakimiyyətin devrilməsinə dair çağırışları ölkənin konstitusion quruluşuna qəsd kimi qiymətləndirir və qətiyyətlə pisləyir.  

Destruktiv və xaricdən qızışdırılan qrupların oktyabr ayının 19-da Bakı şəhərinin mərkəzində, insanların gur olduğu yerlərdə təxribatlat törətmək cəhdlərinin və antikonstitusion çağırışlarının əsl mahiyyəti ölkədə sabitliyi pozmaq, qarşıdurma yaratmaq, Azərbaycanı xaosa sürükləməkdən ibarətdir. Azərbaycanın inkişafından, dünyadakı rolunun artmasından narahat olan dairələrin ölkəmizə qarşı müxtəlif təxribatlar təşkil etməklə inkişafımızın qarşısını almağa, sabitliyi, əminamanlığı və insanların rahatlığını pozmağa cəhdlər göstərməsi əvvəldən məlumdur. Dünənki təxribatlar və çağırışlar  Azərbaycan Xalq Cəbhəsi Partiyasının, onun rəhbərliyinin bütünlüklə destruktiv qrupa çevrildiyini, hüquq müstəvisindən kənara çıxdığını və anti-azərbaycan dairələrin əlində təhlükəli vasitəyə çevrildiyini bir daha göstərir.

Məmnunluq hissi ilə qeyd etmək yerinə düşər ki, Bakı sakinlərinin və ölkənin əhalisinin təxribatçıların qanunsuz hərəkətlərinə və çağırışlarına etinasızlığı destruktiv qrupların xalq arasında dayağının olmamasından, bu cür təxribatları dəstəkləmədiyindən və qətiyyətlə pisləməsindən xəbər verir.

Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının ölkədəki inkişafı, sabitliyi, əminamanlığı qətiyyətlə dəstəklədiyinə, Prezident İlham Əliyevin və onun yeritdiyi siyasətin ətrafında sıx birləşdiyinə dərindən inanır, bütün vətəndaşları xalqla iqtidarın birliyinin keşiyində sayıq durmağa səsləyir. Eyni zamanda hüquq mühafizə orqanlarını, dövlətin müvafiq qurumlarını destruktiv elementlərin təxribat xarakterli əməllərinə və çağırışlarına ədalətli hüquqi qiymət veriməyə çağırır.

Yeni Azərbaycan Partiyası və onun çoxminli üzvləri bəyan edir ki, bütün Azərbaycan xalqı kimi YAP ölkəmizin milli maraqlarının, inkişafın, sabitliyin və xalqın firəvan həyatının keşiyindədir, həmin dəyərlərə qarşı çevrilmiş istənilən təxribatlara və təxribatçılara qanun çərçivəsində cavab verməyə, dövlətçilik naminə birlik və əzəmətini  nümayiş etdirməyə hazırdır.