Xəbərlər
Məlahət İbrahimqızı: AXCP rəhbərliyi istefa verməli və Azərbaycan qadınlarından üzr istəməlidir
“Ailə xalqımızın əsas dəyərləri sırasındadır. Bu gün ölkəmizdə ailə institutunun qorunması prioritet məsələlərdəndir”. Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb. Cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır. Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına, inkişafına çalışır. Azərbaycan ailəsi dünyada özünəməxsusluğu ilə seçilir. Bizim qədimdən gələn ailə modelimiz var.
“Ölkəmizdə gender bərabərliyi haqqında mükəmməl qanunvericilik bazası yaradılıb. Bununla belə, Mütəmadi aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də məişət zorakılığı hallarına rast gəlinir. Son vaxtlar AXCP rəhbərliyində təmsil olunan bir şəxsin öz həyat yoldaşına və qızına qarşı törətdiyi zorakılıq cəmiyyətdə ciddi etirazla qarşılanır və pislənilir. AXCP-nin bu hadisəyə görə Azərbaycan qadınlarından üzr istəməlidir. Bu gün YAP Qadınlar Şurasının təşkilatçılığı ilə “Ailə və cəmiyyət: ənənə və məsuliyyət” mövzusundakı konfransda da bu hadisə pislənildi. Konfransda iştirak edən 8 siyasi partiyanın qadın təşkilatlarının rəhbərləri və 30 qeyri-hökumət təşkilatı sədrlərinin adından müraciət də qəbul olunub. Müraciətdə bir daha AXCP rəhbərliyində təmsil olunmuş Fuad Qəhrəmanlının öz həyat yoldaşına və qızına qarşı zorakılıq hərəkətləri qətiyyətlə pislənilib. Müraciətdə həmçinin müəyyən insan hüquq müdafiə təşkilatlarının bu məsələdə susqunluğundan narahatlıq ifadə edilib. Həmçinin qeyd olunub ki, həmin xoşagəlməz hadisə əvvəlcədən partiya rəhbərliyinə də məlum olub, bununla belə zorakılğın qarşısını almaq üçün heç bir tədbir görülməyib. Ona görə də, AXCP rəhbərliyi tam tərkibdə istefa verməli və Azərbaycan qadınlarından üzr istəməlidir. Müraciətdə məlum zorakılıq hadisələri bir cinayət kimi qimətləndirilib və hüquq-mühafizə orqanlarına bu hadisənin ciddi şəkildə araşdırılması və qanun çərçivəsində müvafiq addımların atılması üçün çağırış edilib. Ümid edirik ki, bununla bağlı müvafiq tədbirlər görüləcək”-deyə, M.İbrahimqızı vurğulayıb.