YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikasının nümayəndə heyəti BMT Baş Assambleyasının 74-cü sessiyasında Ermənistan baş nazirinin cəfəng bəyanatlarına qətiyyətli cavab verib

Sentyabrın 26-da Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Tofiq Musayev BMT Baş Assambleyasının 74-cü sessiyasının ümumi siyasi debatlarında Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları ilə bağlı bəyanatlarına cavab olaraq bəyanatla çıxış edib.

Diplomatlardan ibarət auditoriyanın diqqətini Paşinyanın cəfəng bəyanatlarına cəlb edən Tofiq Musayev rəsmi Yerevanın öz mülahizələri və faktları təhrif etməsi ilə dünya ictimaiyyətini aldatmağa çalışdığını qeyd edib.

Azərbaycan diplomatı bildirib ki, birincisi, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına bəraət qazandırmaq məqsədilə cidd-cəhdlə manipulyasiya etməyə çalışdığı tarix heç də onun tərəfində deyil. Hamıya məlumdur ki, ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsi (Ermənistanın baş naziri bu ərazini “atalarının vətəni” adlandırır) XIX əsrdə başlayıb. Ermənilərin Cənubi Qafqazda yerləşdirilməsi üzrə sonrakı proses və ərazi ekspansiyaları cəhdləri regionda uzunmüddətli qeyri-sabitliyin, gərginliyin və münaqişələrin bu gün də davam edən, azərbaycanlı əhalinin kütləvi qırğınları və zorla deportasiyası ilə müşayiət olunan təməlini qoydu.

İkincisi, Dağlıq Qarabağ regionunun zorakı yolla Ermənistana birləşdirilməsi və onun birtərəfli qaydada Azərbaycandan ayrılması istiqamətində sovet hüquq sistemi çərçivəsində edilən hər hansı cəhdlərin qanunsuz olması ən yüksək konstitusional səviyyədə təsdiq olunub. Bəllidir ki, müstəqilliyini əldə etdiyi məqamda və tətbiq edilən hüquq normalarının fonunda Azərbaycanın ərazilərinin müəyyən edilməsi, şübhəsiz ki, Dağlıq Qarabağ regionunu da əhatə edirdi.

Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra Ermənistanın sonrakı hərəkətləri də məlumdur. BMT Təhlükəsizlik Şurası özünün 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləyib və müəyyən edib ki, bununla bağlı Ermənistanın ərazi iddiaları və hərəkətləri qanunsuzdur və beynəlxalq münasibətlərdə silah gücü tətbiq edilməsinin qadağan olunması prinsipləri ilə bir araya sığmır. Digər beynəlxalq təşkilatların qəbul etdikləri çoxsaylı sənədlər də bunu əks etdirir. Xatırlatmaq yerinə düşərdi ki, Baş Assambleya “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlanan xüsusi maddəni də öz gündəliyində saxlayır.

Üçüncüsü, Ermənistan bilərəkdən millətlərin öz müqəddəratını həll etməsi prinsipini yanlış interpretasiya edir: bu yanaşmanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, 1975-ci il tarixli Helsinki Yekun Aktında və digər beynəlxalq sənədlərdə təsbit olunmuş ümumi prinsiplərlə heç bir əlaqəsi yoxdur. Ermənistan baş nazirinin “müqəddəratı həll etmək” adlandırdığı müddəa isə Təhlükəsizlik Şurası tərəfindən qanunsuz güc tətbiqli kimi xarakterizə edilib. Əslində, Ermənistan tərəfindən təcavüz, işğal və etnik təmizləmə siyasəti nəticəsində məhz Azərbaycan xalqının öz müqəddəratını həll etmək hüququ pozulur.

Dördüncüsü, insan haqları və əsas azadlıqları kimi ümumi dəyərlərdir və bütün bəşəriyyəti əhatə edir. Bu hüquqlara hörmət edilməsi bərabər əsasda və ayrı-seçkilik olmadan təmin olunmalıdır. Hamının qəbul etdiyi bu yanaşma tərzindən fərqli olaraq, Ermənistanın siyasəti və praktikası istisnalara və etnik əlamətlərə görə ayrı-seçkiliyə əsaslanır. Belə ki, Azərbaycan və regionun digər dövlətlərindən fərqli olaraq, Ermənistan monoetnik ölkədir. O, işğal etdiyi ərazilərdə etnik təmizləmə aparıb və indi hətta Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının da mövcudluğunu qəbul etməkdən imtina edir.

Bütün bunlar açıq-aydın qənaət hasil etməyə imkan verir ki, Ermənistan təməlində xüsusən istər Ermənistan, istərsə də Azərbaycanın işğal olunmuş ərazilərində daha çoxsaylı - sayı bir milyondan artıq olan və öz ev-eşiklərindən didərgin salınmış və qayıtmaq imkanı olmayan azərbaycanlı əhaliyə qarşı beynəlxalq humanitar hüquq və beynəlxalq insan haqları normalarının kobud şəkildə və sistematik pozulması, başqalarına münasibətdə hüquq və azadlıqların ayrı-seçkilik zəminində inkar edilməsi olan güzəştləri tələb edə bilməz.

Ermənistanın öz cinayətlərinə görə məsuliyyətdən imtina etməsi insan haqlarının pozulması və möhkəm sülh və həqiqi barışığa aparan yolda birbaşa maneədir.

Azərbaycan diplomatı qeyd edib ki, bu fonda Yerevanın insan haqları, demokratiya və “antierməni əhval-ruhiyyəsi”, həmçinin “antierməni nifrət ritorikası” barədə iddiaları ən azından məsuliyyətsiz və beynəlxalq ictimaiyyətin aldadılmasına yönəlmiş cəhdlərdir. Azərbaycanın guya insanlar olmayan ərazi tələb etməsini iddia edən Ermənistanın baş naziri sadəcə Azərbaycanın məqsədləri ilə bağlı öz təsəvvürlərini rəsmi Yerevanın real siyasəti ilə qarışdırır.

Beşincisi, Ermənistanın baş naziri öz çıxışında münaqişənin sülh yolu ilə nizamlanmasından və onun regionda sabitlik və təhlükəsizlik üçün əhəmiyyətindən səbirsizliklə danışıb. Lakin nizamlanma prosesində, xüsusən Ermənistanın öhdəlikləri və əməlləri bu məqsədə nail olmaqla ziddiyyət təşkil etdiyi bir şəraitdə irəliləyiş əldə etmək üçün təkcə sözlə kifayətlənmək olmaz.

Ermənistanın davam edən təcavüzü, Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa əməl olunmaması, təhrikedici bəyanatlar, yerlərdə müxtəlif təxribatlar və Azərbaycan işğal olunmuş ərazilərində demoqrafik, iqtisadi, sosial və mədəni xarakterli dəyişikliklər etmək cəhdləri sülh yolu ilə nizamlanmaya nail olmaqla bir araya sığmır. Ən başlıcası, münaqişənin sülh yolu ilə nizama salınması Azərbaycan Konstitusiyasına zidd olduğu və beynəlxalq hüquq normalarına uyğun gəlmədiyi təqdirdə də mümkün deyil.

T.Musayev vurğulayıb ki, Təhlükəsizlik Şurasının yuxarıda göstərilən qətnamələri əsasında davam edən sülh prosesinin əsas məqsədi erməni silahlı qüvvələrinin tam, dərhal və qeyd-şərtsiz olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və bütün digər işğal olunmuş ərazilərindən çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün onun beynəlxalq səviyyədə tanınmış sərhədləri hüdudlarında bərpa edilməsi və zorla öz evlərindən didərgin salınmış şəxslərin və onların əmlaklarının qaytarılmasıdır.

Azərbaycan ərazilərində qanunsuz güc tətbiq olunması və bununla əlaqədar hərbi təcavüz və etnik təmizləmə siyasəti münaqişənin həlli yolu deyil və heç vaxt sülh, barışıq və sabitlik gətirməyəcək.

T.Musayev çıxışının sonunda bəyan edib ki, Ermənistan beynəlxalq ictimaiyyəti və öz xalqını aldatmaq cəhdlərinə vaxt sərf etmək yerinə, özünün dayanıqlı olmayan status-kvonu uzatmaq kimi faydasız cəhdlərindən imtina etməli və beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirməlidir. Yerevan öz dağıdıcı siyasi planının hər hansı perspektivinin olmadığını nə qədər tez dərk edərsə, iki xalq da sülhə nail olmaqdan, sabitliyin və əməkdaşlığın bərqərar olmasından o qədər tez faydalana biləcək.

 

DİGƏR Xəbərlər Arxiv