Xəbərlər
Elman Nəsirov: Son sərəncamlar bir daha göstərdi ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı iyunun 18-də imzaladığı sərəncamlar bir daha göstərdi ki, dövlətimizin başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.
Bu sözləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, professor Elman Nəsirov söyləyib.
Elman Nəsirov qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev hələ keçən ilin aprel ayında keçirilmiş prezident seçkilərindən sonra çox geniş islahatlar paketinin həyata keçiriləcəyini, xüsusilə də sosialyönümlü ciddi addımların atılacağını demişdi. 2019-cu ilin fevralında Prezidentin imzaladığı Sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırıldı və yaşayış minimumu ilə eyniləşdirildi. İndi isə Prezident İlham Əliyevin yeni Sərəncamı ilə minimum əməkhaqqı 40 faiz artırılaraq 180 manatdan 250 manata qaldırıldı. İl ərzində fevral ayından indiyə kimi iki dəfə minimum əməkhaqqı yüksəlmiş oldu. Beləliklə, əhalinin alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB ölkələri arasında ikinci yerə yüksəlmiş oldu. Bu, çox ciddi nailiyyətdir və Azərbaycanda əhalinin rifahı üçün atılmış böyük addımdır. Eyni zamanda, minimum aylıq əməkhaqqının 250 manata qaldırılması bu tarif cədvəlində qrafalar üzrə maaşların artımını təmin edəcək. Bu artım bütün sahələrdə öz əksini tapacaq.
“Dünən imzalanan sərəncamlarla hüquq-mühafizə orqanları, hərbi, elm və təhsil sahələrində işləyən insanların əməkhaqları artırılıb. Bu addım Azərbaycanda vətəndaşların yaşayış tərzinin, onların həyat səviyyəsinin daha da yaxşılaşmasına xidmət göstərir. Eyni zamanda, yaxın zamanlarda dövlətimizin başçısının bu istiqamətdə yeni addımlarının şahidi olacağıq. Xalqımız bu addımları böyük ruh yüksəkliyi ilə qarşılayır. Bu, bir daha onu göstərir ki, Azərbaycandakı əmin-amanlığın, vətəndaş həmrəyliyinin, səfərbər olmuş cəmiyyətin kökündə dayanan fundamental səbəb xalq-hakimiyyət birliyidir, Azərbaycan Prezidentinin məhz xalqın mənafeyindən irəli gələn siyasət həyata keçirməsidir. Bunlar Azərbaycanı gücləndirir. Ölkəmiz yeni-yeni hədəflərə doğru irəliləyir. Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının sosial rifahının daha da möhkəmləndirilməsi istiqamətində atdığı bu addımlar cəmiyyətimizdə böyük ruh yüksəkliyi ilə qarşılanıb”, - deyə Milli Məclisin deputatı vurğulayıb.