Xəbərlər
Bu gün məktəblərdə "Son zəng" çalınır
Bu gün Azərbaycanın ümumtəhsil müəssisələrində "Son zəng" çalınacaq.
"Son zəng" 2016-cı ildən tədris ilinin müddətinin iyunun 14-dək uzadılması ilə əlaqədar olaraq iyunun 14-də keçirilir.
Hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil müəssisələrinin ərazilərində təşkil edilir.
2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək.
Təhsil Nazirliyindən verilən məlumata görə, 2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək. 45 616 nəfər isə I sinfi başa vuracaq.
2018-2019-cu tədris ilində respublika üzrə 2 977 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən 5 200 məktəbəhazırlıq qrupunu 97 918 nəfər başa vuracaq.
2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164 234 uşağın qəbulu proqnozlaşdırılır. Onlardan 77 542-si qız, 86 692 nəfəri isə oğlandır.