Xəbərlər
Şəmsəddin Hacıyev: Ölkəmiz son illərdə yüksək inkişaf tempi ilə irəliləyir
«Dövlət büdcəsinin gəlirinin formalaşmasında qeyri-neft sektorunun payı ildən-ilə artır». Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.
Ş.Hacıyev bildirib ki, bir neçə il əvvəl büdcə gəlirlərində neft gəlirlərinin payı 73 faiz idisə, 2015-ci ildə bu göstərici 65 faizə düşüb. Onun sözlərinə görə, ÜDM-in formalaşmasında qeyri-neft sektorunun payı 66 faizə çatıb.
«2015-ci ildə dövlət Neft Fondundan büdcəyə transfert 10 mlrd. 338 mln. manat səviyyəsində olacaq. Bu da cəmi büdcə gəlirlərinin 53,4 faizini təşkil edir. Azərbaycanda mükəmməl, oturuşmuş bir büdcə institutu formalaşıb. Hər zaman olduğu kimi, gələn il də davamlı iqtisadi inkişafın möhkəmləndirilməsi əsas hədəf kimi seçilib. Qarşıya qoyulan hədəflər, ölkənin iqtisadi siyasəti bilavasitə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tələblərinə uyğun olaraq qurulub. Azərbaycanda tam iqtisadi və siyasi sabitlik təmin olunub və bunun nəticəsidir ki, ölkəmiz son illərdə belə yüksək inkişaf tempi ilə irəliləyir»- deyə, komitə sədri vurğulayıb.