Xəbərlər
Hikmət Hacıyev Vaşinqtonda Atlantik Şurada çıxış edib
ABŞ-ın paytaxtı Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu düşüncə mərkəzlərindən olan Atlantik Şurada Azərbaycanın xarici siyasətinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ABŞ-Azərbaycan münasibətləri ilə bağlı çıxış edib, daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin təsisçi sədri və ABŞ-ın Azərbaycanda keçmiş səfiri Riçard Morninqstarla müzakirəsi baş tutub. Tədbirdə əsasən Vaşinqtonda akkreditə olunan diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər və regionla bağlı araşdırma aparan analitiklər iştirak edib. İctimaiyyət üçün açıq olan tədbirdə həmçinin xeyli sayda erməni lobbiçilərinin nümayəndələri də iştirak edib.
İlk əvvəl C.Kent çıxış edərək Azərbaycan-ABŞ əlaqələrinin strateji əhəmiyyəti barədə söhbət açıb. O, Cənubi Qafqazın əhəmiyyətini vurğulayaraq Azərbaycanı vacib tərəfdaş kimi xarakterizə edib və iki ölkə arasında təhlükəsizlik, enerji və iqtisadi inkişafın təmini sahələrində uğurla davam edən əməkdaşlıqdan danışıb. ABŞ rəsmisi son dövrlər iki dövlətin rəsmilərinin səfərlərinin və dialoqunun artmasını münasibətlərin inkişafının göstəricisi kimi vurğulayıb. C.Kent Əfqanıstanda NATO-nun sülhməramlı əməliyyatlarına göstərdiyi əhəmiyyətli dəstəyə görə Azərbaycana ABŞ hökumətinin təşəkkürünü çatdırıb. Həmçinin o, ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, ölkəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində vasitəçilik səylərinə sadiq qaldığını bildirib və münaqişənin tezliklə həllinin regionda sülh və firavanlığın təmininə imkan yaradacağını vurğulayıb.
Daha sonra ABŞ-ın Azərbaycanda keçmiş səfiri R.Morninqstar Hikmət Hacıyev ilə bir sıra mövzularda müzakirələr aparıb.
H.Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda müxtəlif sahələrdə aparılan köklü islahatlar, ölkəmizin sosial-iqtisadi inkişaf modeli, “ASAN xidmət” təcrübəsi və regionun nəqliyyat qovşağına çevrilməsi barədə məlumat verib, Azərbaycan xarici siyasətinin əsasları, onun strateji mövqeyi, region dövlətləri ilə münasibətləri, həyata keçirdiyi və regionun xəritəsini dəyişən enerji və nəqliyyat layihələri barədə danışıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı mərhələsinə toxunan Prezident Administrasiyasının rəsmisi Azərbaycan rəhbərliyinin göstərdiyi müdrik və təmkinli yanaşmasına baxmayaraq Paşinyan hakimiyyətinin münaqişənin həllində ciddi mövqe nümayiş etdirmədiyini, əksinə bu vaxta kimi vəziyyəti gərginləşdirən bəyanat və addımlarla yadda qaldığını qeyd edib. Bu xüsusda, H.Hacıyev Ermənistanın təmas xəttində Azərbaycan hərbi qulluqçularının ölümü ilə nəticələnən son təxribatları barədə məlumat verdi və bu addımların məhz danışıqlar prosesini pozmağa yönəldiyini qeyd edib. H.Hacıyev Ermənistanın hazırda yaşadığı iqtisadi fəsadları sadalayaraq münaqişənin həllinin ilk növbədə Ermənistan üçün faydalar gətirəcəyini, Ermənistanın bu iflasdan çıxmasının yeganə yolunun münaqişənin həllindən keçdiyini, təəssüf ki, hələlik Ermənistanın və erməni diasporasının bunu anlamadığını bildirib. Həmçinin H.Hacıyev Ermənistanın sülh danışıqlarında iştirak etdiyi dövrdə paralel olaraq işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətləri davam etdirdiyini qeyd edib və beynəlxalq ictimaiyyətin bu məqama daha çox diqqət yönəltməsinin vacib olduğunu vurğulayıb.
Sonda H.Hacıyev auditoriyanın suallarını cavablandırıb. Bu mərhələdə təbirdə kütləvi şəkildə iştirak edən (tədbir ictimaiyyətə açıq olub) erməni lobbiçiləri tərəfindən Azərbaycan nümayəndəsinə təxribatçı suallar ünvanlanıb və H.Hacıyev bu suallara Ermənistanın işğalçı və beynəlxalq hüquq normalarına zidd olan siyasətini ifşa etməklə cavab verib.